Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Elçin Mehdiyev/
"Niyə ABŞ-dan olan o insanlar elə bu ilin son 3 ayında ABŞ-da insan hüquqlarının pozulmasına, zorakılığa aid statistikaya baxıb xəcalət çəkmirlər?" Bunu Trend-ə Azərbaycanda guya insan haqlarının pozulmasına dair ABŞ-ın dövlət katibi Con Kerriyə göndərilən açıq məktubu şərh edərkən Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov qeyd edib ki, ABŞ-da polis 100-dən çox insanı güllələyib: "İrqi ayrıseçkilik salırlar, insan hüquqları pozuntularına yol verirlər. Elə bu günlərdə ABŞ-da polis zorakılığına qarşı keçirilən etiraz aksiyaları da bunun nəticəsidir".
E.Məmmədov vurğulayıb ki, müraciət edənlər ünvanı səhv salıblar: "Azərbaycan kimlərinsə dediyi ilə, diktəsi ilə idarə olunmur. Azərbaycan özünün konstitusiyası, müvafiq qanunları ilə hərəkət edir. Əgər kimsə həbs olunubsa, demək o qanunu pozub, cinayət törədib və cəzasını alıb. Onun azad olunması da Azərbaycan qanunlarının çərçivəsində mümkündür. Bu, kənardan Azərbaycana olan təzyiqlərlə, sifarişlərlə, kimlərinsə iradəsi ilə mümkün deyil".
Millət vəkili qeyd edib ki, o insanlar düzgün fikirləşsələr, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, hər bir dövlətin özünün müstəqilliyi, suverenliyi mövcuddur: "Hər bir dövlət özünün qanunları ilə idarə olunur".
E.Məmmədov vurğulayıb ki, Azərbaycan tərəfi də eyni mövzuda müraciət edə bilər: "Deyək ki, 5-10 nəfər millət vəkilləri yığışaq və biz də hər hansı bir rəhbərə belə bir müraciət qəbul edək ki, ABŞ-a deyin ki, filankəsləri həbs ediblər, onları buraxsınlar".
E.Məmmədov əlavə edib ki, Con Kerriyə müraciət edənlərin hərəkəti absurd bir şeydir: "Bunlar artıq vərdiş ediblər dünyada ağalıq missiyasını yeritməyə. Onlar istəyirlər ki, Azərbaycana da ağalıq etsinlər. Ancaq bu olmayacaq, bunlar hamısı boş şeydir".