...

Bakıda 2-ci BMT-nin təməli qoyula bilər (TƏHLİL)

Siyasət Materials 25 Aprel 2015 14:19 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-29-da Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu təşkil ediləcək.
Bakıda 2-ci BMT-nin təməli qoyula bilər (TƏHLİL)

Azərbaycan xəbərlər xidməti

İlkin Bağırov - Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-29-da Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu təşkil ediləcək.

"Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusuna həsr olunan III Forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələləri, yeni dünya nizamının başlıca problemlərini - etnik və digər zəmində baş verən münaqişələri, terror təhdidlərini, demokratiyanın inkişafını, təhsil, ekologiya, təhlükəsizliyin təminatında yerli, milli və regional inteqrasiya məsələləri, eləcə də bir sıra digər qlobal problemləri geniş müzakirə edəcək, onların həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi haqqında arayış:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Azərbaycan Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib. Mərkəz Azərbaycanda təsis olunmasına baxmayaraq, onun qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə Heyətidir. NGBM-in əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın, o cümlədən Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərləri daha geniş miqyasda dünyaya təbliğ etməkdir. NGBM unikal və beynəlxalq mandata malik milli qurumdur. Azərbaycan Prezidenti tərəfindən dəstəklənən, Himayədarlar Şurası tərəfindən yaradılan, Beynəlxalq Qəyyumlar Şurası tərəfindən idarə edilən, dostları və üzvlər ilə daimi təmasda olan Mərkəz Azərbaycan və dünya üçün qürur mənbəyi olacaq bir qurum olmaq istiqamətində addımlayır.

NGBM-in həmsədri, Madrid Klubunun Prezidenti, Latviya Respublikasının sabiq Prezidenti (1999-2007) Vayra Vike-Freyberqa, digər həmsədri İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldindir. Mərkəzin Qəyyumlar Şurasının rəhbəri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Mərkəzin İdarə Heyətinin 15 üzvü (onlardan 6 nəfəri bir sıra ölkələrin sabiq prezidentidir), 7 üzvü (hamısı sabiq prezident) və 2 fəxri üzvü var.

Baş ofisi Bakıda yerləşən Mərkəzin Misirin İsgəndəriyyə şəhərində və ABŞ-ın paytaxtı Vaşinqton şəhərində nümayəndəliyi açılıb. Dünyanın tanınmış 16 qurumu NGBM ilə tərəfdaşdır. Mərkəzdə 221 orijinal qədim əlyazma və illüstrasiya saxlanılır. NGBM 2012-ci ildən bəri 63 ölkə ilə əməkdaşlıq edir və keçirdiyi tədbirlərdə müxtəlif ölkələrdən 75 sabiq prezident və baş nazir iştirak edib.

Forumun miqyası və nüfuzu

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən, Foruma qatılmaq məqsədilə Azərbaycana bir sıra ölkələrin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri gələcək. Beynəlxalq forumda, həmçinin bır sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, siyasi xadimlər, elm adamları və ekspertlər - ümumilikdə 75 ölkədən 350-yə yaxın nümayəndə iştirak edəcək. Onların arasında 6 ölkənin hazırkı prezidenti, 41 keçmiş prezident, 24 sabiq baş nazir, bir neçə ölkənin isə indiki və sabiq xarici işlər nazirləri olacaq.

Xatırladaq ki, Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib. 2013-cü il 5-8 may tarixində "Müştərək cəmiyyətlər və qadın azadlıqları" mövzusunda keçirilmiş I Forumda 29 ölkədən 142 nümayəndə iştirak etmişdisə (onlardan 14-ü keçmiş prezident, 10-u baş nazir), 2014-cü il 27-29 aprel tarixində "Post 2015 gündəliyi və müştərək cəmiyyətlər" mövzusunda keçirilmiş II Forumda artıq 42 ölkədən 165 nümayəndə (onlardan 20-si keçmiş prezident, 12-si baş nazir) iştirak etmişdi. Bu il 28-29 aprel tarixində keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda isə artıq 75 ölkədən 350 nəfərə yaxın nümayəndənin (onların arasında 40-dan çox prezident, 20-dən çox baş nazir) iştirak edəcəyi gözlənilir. Forumun iştirakçı dövlət və nümayəndələrinin sayının, eləcə də miqyasının ildən-ilə genişlənməsi onun əhəmiyyətinin, burada müzakirə olunan məsələlərin və əldə edilən nəticələrin dünyada gedən proseslərə təsirinin getdikcə artmasından, forumun artıq ənənəyə çevrildiyindən və bütün dünyada getdikcə daha nüfuzlu bir platforma kimi qəbul edildiyindən xəbər verir.

Keçirilmiş forumlar zamanı dünyadakı münaqişələr, iqtisadi əməkdaşlıq, mədəniyyətlərarası dialoq, cəmiyyətdə qadınların və gənclərin rolu, açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multi-idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlər müzakirə olunub.

Makedoniya Prezidenti George İvanov III Forumla bağlı ünvanladığı müraciətində qeyd edib ki, Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Forumda iştirak etmək onun üçün qürurvericidir: "Bu böyük beynəlxalq forumda müzakirə mövzusu özünün əhəmiyyəti və qrafikini əks etdirir. Mən bundan əvvəlki beynəlxalq forumlarda da qeyd etmişəm: "dünya dəyişmir, o, artıq dəyişib". Dünya nizamı gizli böhran içindədir, qlobal qarşılıqlı asılılıq və milli aşınma bizim əvvəlki dünyagörüşümüzü kökündən dəyişib. Biz on ildən az müddətdə dünyanın siyasi, təhlükəsizlik və maliyyə nizamında qeyri-sabitliyin şahidi olmuşuq. Bizim bildiyimiz dünya nizamının qalıq hissələri beynəlxalq qanuni nizamdadır. Bununla belə, bu, həmçinin ciddi bir çağırışdır. Mən inanıram ki, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə eyni görüş və məqsədləri bölüşürük".

Forumun geniş miqyas alması onun Azərbaycan üçün nə dərəcə önəm daşıdığına və bu məqsədlə təşkilati məsələlərə nə dərəcədə ciddi önəm verildiyinə də işarədir.

Heç şübhəsiz ki, dövlət başçısının birbaşa diqqəti və qayğısı olmadan Forum bu qədər geniş miqyas ala bilməzdi. NGBM İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, Prezident İlham Əliyevin diqqətinin daim Mərkəzin üzərində olmasını təşkilatın üzvlərini ruhlandırır.

Bakıda keçirilmiş hər iki forumla əlaqədar Azərbaycana səfər etmiş onlarla rəsmi şəxslərin müraciəti əsasında çoxsaylı görüşlər keçirmiş Prezident İlham Əliyev NGBM-nin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldini qəbul edərkən Forumun artıq beynəlxalq təsisata çevrilməkdə olduğunu vurğulayıb və tədbirin bundan sonra da uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib.

Sabiqlər, yoxsa boz kardinallar?

Bundan əvvəlki forumlar çərçivəsində iştirakçılar Azərbaycan haqqında, ölkənin iqtisadi inkişafı, aparılan islahatlar, demokratik proseslər barədə geniş məlumat əldə etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri yaxından öyrənmiş, həmçinin Azərbaycanın multikulturalizmin və tolerantlığın vətəni olduğunu öz gözləri ilə əyani şəkildə görmək imkanı əldə etmişdilər.

Mövcud qlobal problemlərin həlli istiqamətində qərarların qəbul edilməsi prosesinə təsiri baxımından hazırda vəzifə başında olan prezident, baş nazir və xarici işlər nazirlərinin Forumda iştirakı mühüm əhəmiyyət kəsb edir. Sual oluna bilər ki, bəs bu qədər "sabiqlər"in burada nə işi var?



Əslində Prezident İlham Əliyev 2014-cü ildə II Forumun açılışında çıxışı zamanı bu suala dolayısilə də toxunmuşdu: "Forum çərçivəsində bir çox maraqlı müzakirələr aparılacaq və gələcək inkişafla bağlı hökumətlər üçün tövsiyələr veriləcəkdir. Bu cür sessiyaların üstünlüyü ondan ibarətdir ki, məşhur siyasətçilər, keçmiş dövlət və hökumət başçıları öz fərdi təcrübələrini, biliklərini, ekspert bacarıqlarını çox açıq şəkildə bölüşə bilərlər. Çünki hazırkı və keçmiş prezidentlər və baş nazirlər arasındakı fərq ondan ibarətdir ki, hazırkı dövlət başçıları ictimaiyyət qarşısında söylədiyi şərhlərdə müəyyən çərçivə daxilindədirlər, məhdud imkanları vardır. Bəzi hallarda sən söylədiyindən də artıq danışmaq istəyirsən. Lakin keçmiş siyasətçilər hər hansı məsələ ilə bağlı fikir söyləməkdə azaddırlar. Onların bu söhbəti məhz bu tərəqqinin əldə edilməsi üçün vacibdir".

Bundan əlavə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti, Latviyanın sabiq Prezidenti (1999-2007) Vayra Vike-Freyberqa Forumda çıxışı zamanı qeyd etmişdi: "BMT-nin əsas rolu ondan ibarətdir ki, aramızda müxtəlif məlumat mübadiləsini təmin edir. Lakin öz tərəfimdən əminliklə deyə bilərəm ki, hökumətlər, hökumət və dövlət başçıları var ki, onlar BMT-nin Baş Məclisində bu məsələni xüsusi olaraq dəstəkləməkdə maraqlı ola bilərlər. Biz isə öz tərəfimizdən onların bu fəaliyyətinin daha da düzgün istiqamətdə, sürətli şəkildə irəliyə doğru aparılmasına töhfəmizi verməliyik".

Unutmaq olmaz ki, həmin "sabiqlər"in hər biri beynəlxalq aləmdə öz ölkələrini vaxtilə təmsil etmiş, yaxud hazırda təmsil edən, müxtəlif ölkələrdə, eləcə də beynəlxalq təşkilatlarda qərarların qəbulu prosesində birbaşa iştirak edənlərlə sıx əlaqələrə sahib güclü şəxslərdir və onlara beynəlxalq siyasətdə etimad göstərilir. Xanım Vike-Freyberqanın "sabiqlər"in güclü təsir imkanlarına malik olduğunu ifadə edən digər fikri də var: "Əslində biz 10 il öncə Madriddə Klubumuzu yaradanda, keçmiş baş nazirləri və keçmiş dövlət başçılarını bir araya gətirəndə özümüzə bir sual verdik ki, biz demokratiyanı, xüsusən də müstəqilliyini yenicə qazanmış ölkələrdə bu demokratiyanı hansı şəkildə gücləndirməliyik. Ona görə, elm adamları da, elm dairələrinin mütəxəssisləri də o fikri yekdil şəkildə dəstəklədilər ki, siyasətçilər və alimlər, yüksək vəzifədə xidmət etmiş şəxslər öz ölkələrində bir çox islahatları həyata keçirmiş, prezidentlik səviyyəsinə çatmış insanlar kənarda qalmalı deyil, onlar bir araya gəlməli, həyatlarının sonuna qədər bu təşkilat çərçivəsində fikir mübadiləsi aparıb öz təcrübələrini bölüşməlidirlər".

Ona görə də belə nüfuzlu siyasi və dövlət xadimlərinin Azərbaycanda olması, onların ölkəmizi yaxından tanıması, həqiqətləri bilməsi bizim üçün əsasən xeyirli ola bilər.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeni statusu

III Qlobal Açıq Cəmiyyətlər Forumu Bakını dünyanın və Avropanın siyasi və iqtisadi proritetlərinin müzakirəsi və təyin edilməsi meydanına çevirəcək. Dünyada hələ bu qədər siyasi, elmi, intellektual və biznes elitanın bir yerə yığışaraq dünya ictimaiyyətini narahat edən problemləri müzakirə etdiyi ikinci bir intellektual meydan yoxdur. Bu forum nəinki Avropada, artıq bütün dünyada açıq və bərabərhüquqlu dialoq əsasında dünya problemlərinin müzakirə edildiyi ən böyük ictimai diplomatiya institutuna, Bakı isə dünyanın humanitar mərkəzlərindən birinə, müasir çağırışlara cavabların tapılması üçün beynəlxalq intellektual platformaya çevrilir.



Son illərdə çoxlu belə beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə onlara xüsusi önəm verdiyini nümayiş etdirən Azərbaycanın bu istiqamətdəki səyləri ölkənin beynəlxalq nüfuzunu qaldırmaq, onun dostlarının sayını artırmaq məqsədi güdür. Bu baxımdan III Qlobal Açıq Cəmiyyətlər Forumunun da Azərbaycana dividendlər gətirəcəyi istisna deyil. Ümumiyyətlə, bu Forumun təşkil edilməsi, onun formatının və mövzularının seçilməsi təşəbbüsü uğurlu hesab edilə bilər. Bakının bu cür beynəlxalq tədbirlərin keçirilməsi mərkəzinə çevrilməsi, ilk növbədə, Prezident İlham Əliyevin diqqəti sayəsində baş verir. Dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin keyfiyyətcə bu yeni mərhələsi mədəniyyətlərarası dialoq və multikultural dəyərlərin, eləcə də ölkənin əldə etdiyi uğurların müsbət nümunə kimi qlobal miqyasda təbliğinə, Azərbaycanın dünyada qabaqcıl sıralara çıxmasına yönəlib.

Forumun təşkilində rəsmi Bakının məqsədi ilk növbədə özünü beynəlxalq proseslərin fəal iştirakçısı kimi təqdim və təsdiq etmək, dünyaya qlobal problemlərə biganə qalmayan bir ölkə olduğu mesajını vermək, beynəlxalq müstəvidə yeni tərəfdaşlar qazanmaq və özünə olan etimadı daha da dərinləşdirməkdir. Forumun keçirilməsində digər məqsəd isə Azərbaycanın dünyada müsbət təcrübələrini təqdim və təbliğ etməkdir. Ötənilki Forumun rəsmi açılış mərasimində Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycanın təcrübəsi ölkəni necə dəyişmək, vətəndaşlara daha yaxşı həyat təmin etmək üçün digərlərinə yaxşı nümunə ola bilər.

Hazırda Suriyada, İraqda, Ukraynada, Yəməndə baş verən silahlı münaqişələr, "İŞİD" təhlükəsi, Rusiya ilə Qərb arasında konfrontasiyanın dərinləşməsi, radikal cərəyanların vüsət alması, beynəlxalq terrorizm, uzun illərdir həllini tapmamış etnik və ərazi münaqişələri, islamofobiya, ikili standartlar və bu fonda beynəlxalq hüquqa və təşkilatlara inamın azalması və qlobal xarakterli digər problemlər isə III Forumun "Yeni dünya düzənində etimadın yaradılması" mövzusunun kifayət qədər aktual olduğunu və dünyada qarşılıqlı etimada ciddi ehtiyac duyulduğunun göstəricisidir.

Bakıda 2013-cü il mayın 7-də keçirilən I Cənubi Qafqaz Forumunun açılışında çıxışı zamanı Prezident İlham Əliyev qeyd etmişdi: "Sivilizasiyaların dialoqu sadəcə yaxşı şüar olmamalı, bu, bəşəriyyətin inkişaf etmək, daha geniş beynəlxalq əməkdaşlığı qurmaq, qarşılıqlı anlaşmanın və tolerantlığın səviyyəsini artırmaq zərurətidir. Fikrimcə, bu, bəşəriyyətin sülh şəraitində inkişaf etməsi üçün ilkin şərtlərdən biridir".

Dövlət başçısı II Forumun açılışı zamanı isə bildirmişdi: "Əfsuslar olsun, görürük ki, güc yenidən beynəlxalq münasibətlərin gündəliyində əsas yer tutur. Onda regionumuzun ölkələri, bizim kimi ölkələr nə etməlidir? Əminəm ki, belə bir sual bu Forumda müzakirə olunacaqdır. Müxtəlif ssenarilər vardır. Lakin bir məsələ tam aydındır ki, siz öz taleyinizin sahibi olmalısınız. Siz daha güclü olmalısınız. Cəmiyyəti əsas prioritetlər ətrafında səfərbər etmək üçün ürəkdən çalışmalısınız. Bizim üçün əsas prioritet ərazi bütövlüyümüzün bərpa edilməsi, müstəqilliyimizin gücləndirilməsidir və daha yaxşı həyat standartlarının xalqımız üçün təmin edilməsidir. Bütün bu elementlər bir-biri ilə bağlıdır".

Forumdan gözləntilər

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ötən Forum zamanı açıqlamalarının birində Azərbaycanın tanıdılması isitiqamətində Forumun xüsusi əhəmiyyət daşıdığı vurğulamışdı: "Buraya gələn insanlar öz ölkələrinə on illərlə rəhbərlik etmiş insanlardır, həmin ölkələrin bütün əhalisi tərəfindən seçilmiş, öz ölkələrində tanınan, sayılan, seçilən insanlardır. Həmin insanların buradan qayıdıb öz ölkələrində Azərbaycan, onun paytaxtı Bakı şəhəri haqqında, buradakı inkişaf barədə, Azərbaycanda yürüdülən siyasət haqqında dedikləri xoş fikirləri rəğbətlə qarşılanacaq. Bu da Azərbaycanın tanıdılması üçün çox mühüm hadisədir".

N.İbrahimov iki gün ərzində bir sıra problemlərlə yanaşı, müxtəlif regionlarda olan münaqişələrin müzakirə ediləcəyini vurğulayaraq qeyd etmişdi: "Biz istəyirik ki, gələn qonaqlarımıza Azərbaycanda gedən proseslər haqqında daha ətraflı məlumat verək və müzakirə edək. Azərbaycanın qarşılaşdığı Dağlıq Qarabağ problemini, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin acınacaqlı vəziyyətini, Azərbaycana qarşı olan ikili standart məsələsini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmağa nail olaq. Güman edirəm ki, bu Forum bu işdə bizə çox yardımçı olacaq".

Ümumiyyətlə isə gələn həftə Bakıda baş tutacaq bu möhtəşəm tədbir Azərbaycan üçün bir neçə məqamdan əhəmiyyətlidir:

- Bakıda belə genişmiqyaslı Forumun keçirilməsi Azərbaycanın dünyada qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu və beynəlxalq layihələrin dəstəkləndiyi mühüm məkana çevrildiyini nümayiş etdirir;

- Müasir dövrdə dünyanın nüfuzlu sabiq dövlət və hökumət başçılarının, siyasi və ictimai xadimlərinin təmsil olunduğu və müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq əsasında həyata keçirilən Forum bir daha təsdiqləyir ki, Azərbaycan dünyada sülh və əməkdaşlıq missiyasına töhfə verən ölkədir;

- Bu gün Azərbaycan özünü dünyaya sosial, siyasi, həm də iqtisadi cəhətdən güclü dövlət kimi təqdim edir. Dövlət siyasətinin əsasını demokratik prinsiplərin yüksək səviyyədə bərqərar olunması təşkil edən bir ölkə kimi Azərbaycanın beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi dünya miqyasında ölkəmizin yerini daha da möhkəmləndirir;

- Forumda qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünya ölkələrini narahat edən məsələlərin və mövcud problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələr geniş müzakirə olunacaq və bir sıra təkliflər irəli sürüləcək;

- Belə nüfuzlu beynəlxalq tədbirlər xalqımızın və dövlətimizin yeni bəşəri imicinin formalaşdırılmasına, dünya miqyasında ölkəmizin yerinin möhkəmləndirilməsinə və ən önəmlisi, erməni lobbisi tərəfindən Azərbaycana qarşı mənfi rəyin formalaşdırılması istiqamətində cəhdlərin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir;

- Forumda regional problemlərin və qlobal cəmiyyətlə bağlı mühüm sosial məsələlərin müzakirəsi Azərbaycana yüksək beynəlxalq ictimai etimadın təsdiqidir;

- Dünyanın gələcək taleyüklü məsələlərinin həlli yollarının müzakirə ediləcəyi Forumda iştirak edəcək Azərbaycan dövlət orqanlarının rəsmilərinin sessiyalarda geniş məruzə ilə çıxış etməsi dövlətimizin qısa müddətdə əldə etdiyi davamlı və hərtərəfli inkişafı, qarşılaşdığı çətinliklər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli ola bilər;

- Forum, həmçinin Azərbaycanın beynəlxalq aləmdə multikulturalizm və tolerantlıq məkanı kimi tanıdılması istiqamətində uğurlu tədbirlərdən biri ola bilər;

- Forumda iştirak edəcək nüfuzlu siyasi liderlərin öz çıxışlarında Dağlıq Qarabağ problemi ilə bağlı mövqelərini bildirməsi və Azərbaycanın mövqeyini dəstəklədiklərini, hətta ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən işğal olunduğunu ifadə edəcəkləri istisna edilmir;

- Azərbaycanın artıq 3-cü dəfə analoji Foruma ev sahibliyi etməsi beynəlxalq qurumların ölkəmizə olan etimadının daha da artmasına təsir edə bilər. Geniş rezonans doğuracağı gözlənilən Forum Azərbaycanın dünyanın qloballaşan xəritəsində qarşılıqlı dialoqa, iqtisadi əməkdaşlığa, sülhməramlı layihələrə və dinc, yanaşı yaşama prinsiplərinə hazır olan bir dövlət olduğunu göstərəcək;

- Nəhayət, aparılmış müzakirələr və qəbul olunmuş qərarlar gələcəkdə bir sıra beynəlxalq təşkilatlar, xüsusən də BMT ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə fəaliyyətin konkret istiqamətlərinin müəyyənləşdirilməsi baxımdan xüsusilə səmərəli ola bilər.

Yeri gəlmişkən, BMT-nin VI baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü Butros Butros-Qali III Qlobal Bakı Forumu ilə bağlı Nizami Gəncəvi Beynəlxlq Mərkəzinə ünvanladığı müraciətində yeni dünya düzənində etimadın bərpası ilə bağlı fikirlərini bölüşərkən yeni, 3-cü nəsil beynəlxalq təşkilatların yaranması ehtimalına da toxunub: "Qlobal nizamda etimadı necə yaratmalı? Beynəlxalq dünya düzənində etimadı necə yaratmaq olar? Hazırda bu suala mənim yalnız bir cavabım var: yeni beynəlxalq təşkilatın yaradılması. Bir anlıq deyə bilərəm ki, texnoloji inqilab yeni mexanizm ixtira edənədək yeni beynəlxalq təşkilat bizə dünya siyasətində əsas oyunçuları idarə etməyə imkan verəcək".

BMT-nin keçmiş baş katibi hesab edir ki, bu gün, yeni əsrin başlanğıcında dövlət qarşılaşdığı problemləri təkbaşına həll etməyə qadir deyil. Buna görə də dövlətin həll edə bilmədiyi məsələlər beynəlxalq təşkilatlara ünvanlanmalıdır. Onun fikrincə, qlobal nizamda etimadı yaratmaq istəyiriksə, bu istək yeni qlobal təşkilatın qətnamə və qərarlarının hazırlanmasında qeyri-dövlət aktorlarının iştirakını təmin edəcək. Bu, 200 dövlətə arxalana bilər və minlərlə qeyri-dövlət aktoru arasından yeni təşkilata üzv qəbul edilmək üçün yeni meyarı inkişaf etdirəcək. Regional birliklər, parlamentlər, linqvistik təşkilatlar və "beynəlxalq vətəndaş cəmiyyəti"nə məxsus olan digər subyektlər yeni təşkilatın üzvləri olacaq və dövlətə bərabər tutulacaq.

B.Butros-Qalinin fikrincə, əgər biz III nəsil beynəlxalq təşkilata məxsus yeni institut (Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi) yaratmaq istəyiriksə, bu məsələlər hələ bir çox debatların müzakirə obyekti olacaq: "Bununla belə, bu yeni dünya təşkilatı BMT Baş Assambleyasına yaxın yaradılmalı, 1945-ci ildə yaradılmış hökumətlərarası təşkilatın demokratikləşməsi və cavanlaşması üçün qeyri-dövlət aktorlarını bir araya gətirməlidir. Yalnız dünya hökumətindəki dəyişikliklər bugünkü mühüm konfransın mövzusu olan qlobal nizamda etimadı yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti