Azərbaycan, Bakı, 26 aprel /Trend/
Bakıda səsvermə hüququ olan Qazaxıstan vətəndaşlarının 99 faizə yaxını Nursultan Nazarbayevə səs veriblər. Bu barədə Trend Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, səsələrin hesablanması başa çatıb. Nazarbayevə 235 nəfər səs verib ki, bu da səsvermə hüququ olan Qazaxıstan vətəndaşlarının 98,7 faizidir.
Qazaxıstan səfirliyinin məntəqəsində 252 ölkə vətəndaşı qeydiyyatda olub.
Qeyd edək ki, prezident postuna 3 namizəd var. Onlardan biri hal-hazırki prezident Nursultan Nazarbayev, digərləri isə Komunist Xalq partiyasının katibi Turqun Sızdıkov və Qazaxıstan Həmkarlar Federasiyasının rəhbəri Abelqazi Kusainovdur.
Qazaxıstan MSK-nın ilkin məlumatına görə, seçicilərin 95 faizindən yuxarısı səsvermədə iştirak edib.
Qazaxıstanda 17,4 milyondan çox insan yaşayır. Onların yarısından çoxunun səs vermək hüququ var. Növbədənkənar Qazaxıstan prezidenti seçkiləri üçün hazırlanmış seçki bülletenlərinin sayı 9,6 milyon ədəddən artıqdır.
Seçkilərə hazırlığın və keçirilməsinin monitorinqi ilə 858 beynəlxalq müşahidəçi məşğul olur. Onlardan 293-ü ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, 410-u MDB missiyasının, 10-u Şanxay Əməkdaşlıq Təşkilatı missiyasının, 15-i Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, 11-i Türkdilli Dövlətlərin Parlament Assambleyasının, 3-ü İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi, 116-ı isə 37 dövlətin müşahidəçisidir.