...

Tacikistanda Heydər Əliyevin anadan olmasının 92 illiyi qeyd olunub (FOTO)

Siyasət Materials 8 May 2015 21:30 (UTC +04:00)
Azərbaycanın Tacikistandakı səfirliyinin “Heydər Əliyev guşəsi”ndə görkəmli siyasət və dövlət xadimi, Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə tədbir keçirildi.
Tacikistanda Heydər Əliyevin anadan olmasının 92 illiyi qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycanın Tacikistandakı səfirliyinin "Heydər Əliyev guşəsi"ndə görkəmli siyasət və dövlət xadimi, Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə tədbir keçirildi.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə müstəqil Tacikistanın ilk prezidenti Kahar Mahkamov, keçmiş xarici işlər naziri Hamrohon Zarifi, TR mədəniyyət naziri Şamsidin Orumbekzoda, TR Ali Məclisinin Aşağı və Yuxarı Palatısının deputatları, Düşənbədə akkreditə olunan diplomatik nümayəndliklərin rəhbərləri, alimlər, yerli ictimaiyyət və diaspora nümayəndələri, eləcə də KİV nümayəndələri iştirak etdilər.

Tədbir Səfirliyin həyətində Ulu Öndər H.Əliyevin xatirəsinə qoyulmuş büstün önünə əklil və tər çiçəklər qoyulması ilə başladı.
Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən film nümayiş edildi.

Tədbiri giriş sözü ilə açan səfir A.Həsənov Ulu Öndər H.Əliyev şəxsiyyəti barədə danışdı: "H.Əliyevin həyat və fəaliyyəti ibrətamiz bir məktəbdir. Onun haqqında söylənilən xatirələr bizim üçün əziz olmaqla yanaşı, həm də mühüm əhəmiyyət kəsb edən faktlardır. Xüsusilə siyasətlə məşğul olan şəxslər üçün bu faktlar dəyərli məlumatlardır. Bu məqsədlə biz H.Əliyevin həyat və fəaliyyətindən bəhs edən yazıçı-publisist, millət vəkili E.Axundovanın 7 cildlik "H.Əliyev: Şəxsiyyət və Zaman" və rus müəllifi N.Zinkoviçin "Həyatın keşməkeşləri" kitablarını Səfirliyin təşəbbüsü və dəstəyi ilə tacik dilinə tərcümə edərək Düşənbə şəhərində nəşr etdirmişik".

Daha sonra müstəqil Tacikistan Respublikasının ilk prezidenti Kaxar Mahkamov çıxışında bildirdi: "Mənim xatirimdə H.Əliyev müdrik, xeyirxah, öz xalqının qayığısına qalan şəxsiyyət kimi qalmışdır".

K.Mahkamov H.Əliyev Moskvada Nazirlər Soveti sədrinin I müavini işləyərkən 1983-cü ildə Kremldə onunla ilk görüşünü xatırlatdı və qeyd etdi ki, "H.Əliyev bizi qəbul edərək Tacikistanın və bütün Orta Asiyanın iqtisadiyyatı, xalqın həyat səviyyəsi ilə maraqlandı. Ona qədər həllini tapa bilməyən indiki Yavan-Kurqan Tube-Kulyab dəmiryolunun tikintisi ilə bağlı məsələ onunla görüşdən sonra öz müsbət həllini tapdı." O, nitqinə davam edərək bildirdi ki, "H.Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində Azərbaycan sürətlə inkişaf etməyə başladı. Azərbaycan xalqı düzgün seçim edərək H.Əliyev ideyalarına sadiq İlham Əliyevə 2003-cü ildə səs verərək onu Azərbaycanın prezidenti seçdi. Bu gün Azərbaycan dünyanın çox güclü və nüfuzlu dövlətlərindən biridir".

Ulu Öndər H.Əliyevin anadan olmasının 92 illiyi münasibətilə jurnalistlər arasında "H.Əliyev - Müasir Azərbaycanın memarı və qurucusu" mövzusunda keçirilmiş III müsabiqənin jüri üzvü, Tacikistan Milli Universitenin Beynəlxalq İqtisadi Əlaqələr kafedrasının müdiri Nuriddinov Raimali çıxış edərək dost Azərbaycan xalqının lideri haqqında tacik müəlliflərinin məqalələri içərisində analitik tədqiqat işlərinin yer almasının sevindirici fakt olduğunu diqqətə çatdırdı. "Hər bir xalqın tarixində təəssüf ki, çox nadir şəxsiyyətlər olur ki, öz xalqının və dövlətinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirə bilirlər. Tacikistan Prezidenti E.Rahmon bu böyük şəxsiyyət haqqında demişdir "Onun adı öz doğma yurdu ilə həmişəlik bağlıdır. H.Əliyev bütün dünyada suveren, müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsi, regionda sülh və sabitliyin bərpası üçün yorulmadan yollar axtardığına görə əsl hörmət və nüfuz qazanmışdır. Onun fəaliyyəti və xidmətləri Azərbaycan xalqının və bütün insanların yaddaşında əbədi qalacaqdır".

Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sədrinin müavini Sayfullo Safarov çıxışında qeyd etdi ki, "Azərbaycan və tacik xalqlarının milli-mənəvi dəyərlərində ümumi cəhətlər çoxdur. Mən Moskvada aspiranturada təhsil alarkən azərbaycanlı dostlarımızla tez-tez görüşərdik. O dövrdə qadağan olmasına baxmayaraq "Novruz" bayramını birlikdə qeyd edərdik. H.Əliyev Moskvada Nazirlər Şurası sədrinin I müavini təyin edildikdən bir gün sonra Moskva şəhərində şərq ab-havası yaranmışdı. Belə ki, metroda mikrofonla "xahiş olunur qocalara, hamilə qadınlara və uşaqlara yer verin" deyilirdi. Mən bu yaxınlarda Moskva şəhərində olanda metroda eyni ənənənin saxlanıldığını gördüm".

Özbəkistanın Tacikistandakı Səfiri Şohqasım Şoislomov çıxışında bildirdi ki, "H.Əliyev Azərbaycan xalqı üçün çox çətin bir zamanda maneələrə baxmayaraq vətənə qayıtdı. O zaman Azərbaycan gözlənilməz təcavüzə məruz qalmışdı. İqtisadiyyat çökmüşdü. H.Əliyev xalqın istəyi ilə hakimiyyətə gəldi və Azərbaycan dövlətini çətin vəziyyətdən çıxara bildi. H.Əliyev kimi şəxsiyyətə sahib olmaqda Azərbaycan xalqının bəxti gətirmişdir. Onun şəxsiyyəti dərindən öyrənilməli və hər bir şəxs öz işində, fəaliyyətində vətənə, dövlətə sadaqətlə xidmət etməyi özünə borc bilməlidir."

Sonda səfir A.Həsənov Ulu Öndər H.Əliyevin anadan olmasının 92 illiyi münasibətilə jurnalistlər arasında "H.Əliyev - Müasir Azərbaycanın memarı və qurucusu" mövzusunda keçirilmiş növbəti müsabiqənin nəticələrini elan etmiş, qaliblər, eləcə də müsabiqənin bütün iştirakçılarına diplomlar və hədiyyələr təqdim etmişdir.

1-ci yerin qalibi Manija Kurbonova ("Azia Plus"saytı), 2-ci yerin qalibləri Maryam Davlatova ("Faraj" saytı) və Xotami Xomid ("Faraj" saytı, "Çarxi Qardun", "Dunyo", "Xalk Ovozi"), 3-cü yerin qalibləri Salimoxon Vahobzoda ("Вечерный Душанбе"), Sayfiddin Sunnati ("Cavononi Tocikiston", "Minbari Xalk"qəzeti, "Dunyo") və Zarina Mahkamova ("Azia Plus"saytı) diplomlar və qiymətli hədiyyələr qazanıblar.

Müsabiqədə 14 müəllifin (Manija Kurbonova-"Azia Plus"saytı, Maryam Davlatova - "Faraj" saytı, Xotami Xomid -"Faraj" saytı, "Çarxi Qardun", "Dunyo", "Xalk Ovozi", Salimoxon Vahobzoda-"Вечерный Душанбе", Sayfiddin Sunnati -"Cavononi Tocikiston", "Minbari Xalk"qəzeti, "Dunyo", Zarina Mahkamovaya "Azia Plus"saytı, İrşod Süleymani - "Озодагон" qəzeti, Cumai Mirza - "Dunyo" qəzeti, Abdumudassir Ahmodzoda - "pressa.tj" saytı, Usmon Rahimzoda - "pressa.tj" saytı, Nomvar Qurbonov - "Faraj" saytı, İskandarbek Racabov - "Faaraj" saytı, Niqina Mahkamova - "Вечёрка" saytı, Baxtiyor Hamdam - "Minbari Xalk" qəzeti) tacik, rus və özbək dillərində yazdıqları 19 məqaləsi iştirak etmişdir.

Keçirilmiş tədbir barədə Azərbaycan və Tacikistan KİV-ində pres-reliz yayılmış, Tacikistanın "Cohonnome" televiziya kanalında, Azərbaycanın "AZTV" və "İTV" kanallarında reportajlar göstərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti