...

Bir qurultaya tab gətirməyən partiya

Siyasət Materials 14 May 2015 22:15 (UTC +04:00)
Müsavat Partiyasının tanınmış üzvlərindən olan Vurğun Əyyubun partiya sıralarından xaric edilməsi partiya daxilində yeni etiraz və istefa dalğası yaratdı və bu dəfə vəziyyət əvvəlkindən daha fərqli və gərgindir. Hətta vəziyyət o həddə çatdı ki, partiya üzvləri etiraz aksiyası keçirməyə qalxdı. Lakin bu da nəyisə düzəltmədi, əksinə proseslər bir az da gərginləşdi, etiraz aksiyasının təşkilatçıları da partiya sıralarından xaric edildi.
Bir qurultaya tab gətirməyən partiya

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev - Trend:

Müsavat Partiyasının tanınmış üzvlərindən olan Vurğun Əyyubun partiya sıralarından xaric edilməsi partiya daxilində yeni etiraz və istefa dalğası yaratdı və bu dəfə vəziyyət əvvəlkindən daha fərqli və gərgindir. Hətta vəziyyət o həddə çatdı ki, partiya üzvləri etiraz aksiyası keçirməyə qalxdı. Lakin bu da nəyisə düzəltmədi, əksinə proseslər bir az da gərginləşdi, etiraz aksiyasının təşkilatçıları da partiya sıralarından xaric edildi.

Beləliklə, partiyanın ötən il sentyabrın 27-də keçirilmiş VIII qurultayından sonra yaranmış gərginlik indiyə qədər Müsavat tarixində görünməmiş həddə gəlib çıxdı. Son qurultaydan sonra Müsavat sözün əsl mənasında öz tarixinin ən acınacaqlı dövrünü yaşayır.

Bütün bunların səbəbi isə elə Müsavat Partiyasının tanınmış üzvlərinin bəyan etdiyi kimi, yeni başqan seçkilərində yol verilən saxtakarlıqlar, eyni zamanda yeni rəhbərliyin tənqidi fikrə barışmaz mövqe sərgiləməsidir. Əvvəl Müsavat Partiyasının yeni rəhbərliyi qurultaydan sonra yaranmış bu gərginliyi söz azadlığı və demokratiyanın ifadəsi kimi qələmə verməyə çalışırdı. Yeni başqan Arif Hacılı yaranmış vəziyyətlə bağlı mətbuata açıqlama verərkən bəyan edirdi ki, Müsavat demokratik partiyadır və demokratik prinsiplərin nəticəsidir ki, hər bir üzv öz fikrini sərbəst şəkildə söyləyir. Ancaq çox keçmədən vəziyyətin heç də demokratiya ilə əlaqədar olmadığı aydın oldu və öz azad fikirlərini söyləyən üzvlərin repressiyasına start verildi.

Baş verən proseslərin ardıcıllığından belə bir nəticə çıxarmaq olar ki, yeni rəhbərlik əvvəlcə bu cür bəyanatlar verməklə həm cəmiyyətdə Müsavatın demokratik partiya olduğu görüntüsü yaratmaq, həm də gərginliyi partiya daxilində yatırtmaq məqsədi güdürdü. Amma üzvlər yaranmış vəziyyət ilə barışmadılar və partiya rəhbərliyinin bu planı baş tutmadı. Beləliklə, partiya rəhbərliyi zor planına keçməli oldu və narazı üzvləri zərərsizləşdirməyə başladı.

Göründüyü kimi, partiya rəhbərliyi bu planı da uğurla həyata keçirə bilmədi. Belə ki, üzvləri sıradan çıxarmaq üçün tutarlı arqumentlər lazım idi, lakin bu cür arqumentlər olmadığı üçün saxta ittihamlara əl atıldı. Bu isə gərginliyi yeni mərhələyə keçirdi. Üzvlərin partiyadan çıxarılmasının ardınca istefalar da başladı. Artıq neçə müddətdir ki, mütəmadi olaraq Müsavatın tanınımış üzvlərinin istefasını, o cümlədən siravi üzvlərin kütləvi istefasının şahidi oluruq, son bir neçə gündə isə bu istefalar daha da intensivləşib. Ölkədə keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, bunun üçün isə hər bir partiyaya daha çox üzv lazım olduğu bir məqamda Müsavat Partiyasında baş verən bu proseslər partiya üçün heç də yaxşı gələcək vəd etmir. Qurultaydan sonra xeyli üzv itkisinə məruz qalan partiyanın parlament seçkilərində ciddi problemlərlə üzləşəcəyi artıq qaçılmazdır. Yəqin ki, Müsavat Partiyası seçkilərdə irəli sürmək üçün kifayət qədər üzv tapa bilməyəcək.

Bu gün Müsavat Partiyasında yaranmış vəziyyətin sonu olduqca qaranlıq görünür. Bir tərəfdə Müsavatın narazı üzvlər tərəfindən saxtakar adlandırdığı rəhbərliyi, bir tərəfdə partiyadan saxta ittihamlarla uzaqlaşdırılan, lakin öz yollarından dönməyəcəklərini bəyan edən üzvlər, digər tərəfdə isə partiya daxilində fraksiya yaratmağa çalışan narazı üzvlər. Gözləyək görək bunun sonu nə ilə bitəcək.

Nə ilə bitməsindən asılı olmayaraq Müsavat Partiyası və onun timsalında Azərbaycan müxalifəti xalqın, cəmiyyətin gözündən tamamilə düşmüş oldu. Cəmiyyətin bundan sonra bu cür müxalifətə etimad göstərəcəyi artıq bir xəyala çevrilmiş oldu. Çünki öz daxilində razılığa gələ bilməyən, bir qurultayı belə səssiz-sədasız keçirə bilməyən bu cür müxalifət xalqı fəlakətə aparmaqdan başqa bir iş görə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti