...

Mübariz Əhmədoğlu: Qərb Ukrayna hadisələrini “dondurulmuş münaqişə” fazasına keçirir

Siyasət Materials 4 İyun 2015 13:41 (UTC +04:00)
“Qərb Ukrayna hadisələrini “dondurulmuş münaqişə” fazasına keçirir. MDB məkanında münaqişəli ocaqların yaradılması və dondurulmuş fazaya keçirilməsində Qərbin kifayət qədər çox təcrübəsi var”. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mübariz Əhmədoğlu: Qərb Ukrayna hadisələrini “dondurulmuş münaqişə” fazasına keçirir

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Qərb Ukrayna hadisələrini "dondurulmuş münaqişə" fazasına keçirir. MDB məkanında münaqişəli ocaqların yaradılması və dondurulmuş fazaya keçirilməsində Qərbin kifayət qədər çox təcrübəsi var". Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, Ukrayna hadisələrinin dondurulma fazasına keçməsi əvvəlcədən bəlli sxemlə reallaşdırılır: "Qərb bəlli dövlətləri akivləşdirir. Rusiyanın həmin dövlətə qarşı hiperreaksiyasına şərait yaradır. Qərb Rusiyanın həmin dövlətə təzyiqini dəf edə bilmir və bundan sonra münaqişəni "dondurur". Bu sxem yalnız Avropaya yaxın ərazilər üçündür. Liviya, Suriya, İraqdakı münaqişələrin təşəbbüskarı ABŞ başda olmaqla Qərbdir. Qərb indi həmin münaqişələri bağlamaq istəmir. Ən azı Fransa xarici işlər naziri L.Fabiusun İŞİD probleminin həlli üçün Suriyada hakimiyyət məsələsinin həllinin zəruri olması ilə bağlı verdiyi bəyanat bunu göstərir".

M.Əhmədoğlu qeyd edib ki, MDB məkanında ilk münaqişə Dağlıq Qarabağ münaqişəsi idi: "ABŞ SSRİ-ni dağıtmaq üçün ermənilərdən vasitə kimi istifadə etdi. Sonradan bu münaqişə Rusiyanın fəallığı fonunda davam etdi. İndi Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə loyallıq göstərir. Qərb isə Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş fazada qalmasına xeyli resurs xərcləyir. Ən azı potensial itkilərini nəzərə almaması bu ehtimalı gücləndirir. Yalnız ortada qısa bir dövr ərzində, Azərbaycanla neft müqavilələri işlənib-hazırlandığı dövrdə Qərb Azərbaycan prizmasından fəallaşdı. BMT bu münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul etdi. Qətnamələrdə erməni qoşun birləşmələrinin Azərbaycana məxsus Dağlıq Qarabağdan çıxarılması tələb olunurdu. Lakin neft müqavilələri ilə əlaqəli məsələlər bitdikdən sonra Qərb BMT Təhlükəsizlik Şurasının qətnamələrinə düşmən kəsildi. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqəli sənədlərdə bu qətnamələrə ciddi istinad edilmir. Riqa sammitində Aİ BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə düşmən mövqeyindən geri çəkilmədiyini nümayiş etdirdi. Moldova ərazisindəki münaqişə də təxminən buna bənzər variantdır. Hətta Moldovada tərəflər arasında dialoq mexanizmi də işə düşmüşdü. Amma sonradan Qərb Rusiyanın razılığı ilə fəaliyyətə başlayan tərəflər arasındakı dialoqun işləməməsi istiqamətində iş apardı. Bununla da Dnestryanı münaqişə dondurulmuş fazaya keçdi. Gürcüstan ərazisindəki münaqişəli regionlar ən azı iki dəfə oxşar taleyini yaşaya bilərdilər. 2008-ci ildə ABŞ-ın həvəsləndirməsi ilə Cənubi Osetiyada müharibə başladı. Müharibədə Gürcüstanın uduzması labüd idi. Çünki ABŞ Gürcüstana məhdud miqdarda hərbi yardım etmişdi. Rusiya dəqiq bilirdi ki, ABŞ Gürcüstandan ötrü Rusiya ilə vuruşmayacaq. Nəticədə, yenicə donu açılmış Gürcüstan ərazisindəki münaqişələr təzədən donduruldu və RF bu dondurulmuş münaqişəli ərazilərin Gürcüstandan uzaqlaşmasını legitimləşdirmək istiqamətində ardıcıl fəaliyyətə başladı. Nəticəsi Rusiya üçün uğursuz deyil. Qərb Cenevrə danışıqlarına dəstək verir".

M.Əhmədoğlu bildirib ki, bu danışıqlarda Abxaziya və Cənubi Osetiya tərəf kimi iştirak edir. Onun sözlərinə görə, Qərb "işğal olunmuş ərazilər haqqında qanun"un tələblərinin yumşalmasını tələb edir:

"Gürcüstan buna razılıq verib. Qərb ardıcıl surətdə Gürcüstanı Rusiya ilə dialoqu davam etdirməyə təhrik edir. Gürcüstana yalnız ritorik olaraq ərazi bütövlüyü və dövlət suverenliyinin dəstəklənməsində dəstək verir. Gürcüstana Qərbin maliyyə yardımı istənilən səviyyədə deyil. Rəsmi Vaşinqton Ukraynadan ötrü Rusiya ilə vuruşmayacağını bəyan etdi. Bu, Ukrayna hadisələrində də Qərbin əvvəlki münaqişələrlə əlaqəli mövqeyini təkrarlamağa başladığının sübutudur. Qanlı döyüşlərin getdiyi, Rusiyanın hər an Ukrayna və ABŞ-ın digər müttəfiqlərinə təcavüz etməyə hazır olduğunu məlumat yayan Qərb eyni zamanda bildirir ki, Ukraynadan ötrü Rusiyaya qarşı müharibə etməyəcək. Bu, Ukrayna hərbçilərinə psixoloji baxımdan ölüm, Rusiyaya isə hərbi anlamda ruh vermək deməkdir. Hal-hazırda ABŞ Ukrayna tənzimlənməsində özünü doğruldan "Normand" formatına və ya Minsk prosesinə qatılmaq istəyir. Bu da ABŞ-ın yaxın zamanda Ukrayna münaqişəsinin bitəcəyinə ümid etmədiyinin əlamətidir. Vasitəçilik formatının tərtibi Dnestryanı münaqişədə vasitəçilik formatının dəyişilməsinə oxşayır. Eləcə də Dağlıq Qarabağ tənzimlənməsində sədrlik institutunun həmsədrlik institutuna çevrilməsi prosesi ilə də analogiya tapmaq mümkündür. Qərb Ukraynaya lazım olan qədər vəsait ayırmır. Qərbin nəzərdə tutduğu vəsait Ukraynanın ehtiyacının təxminən üçdə birini ödəyir. Bu da Qərbin Ukrayna tənzimlənməsindən uzaqlaşmaq istədiyinin daha bir göstəricidir. Fransa prezidenti F.Olland hətta bir neçə ay bundan öncə Ukraynanın gücləndirilib Avrasiya İqtisadi Birliyinə qoşulmasını təklif etmişdi. Qərbin Ukrayna uğrunda mübarizəsi təxminən Ukraynanın AİB-ə qoşulmamasına imkan verməməkdən ötrü başlanmışdı. Amma o zaman Krım, Donetsk və Luqansk Ukraynanın tərkib hissəsi idi. Ukraynanın dondurulmuş münaqişəyə keçməsinə hələlik Rusiyanın addımları imkan vermir. Əvvəla, Rusiya Ukraynada öz istədiyi vəziyyəti yarada bilməyib. İkincisi, Rusiya ABŞ-ın Minsk prosesinə rəsmən qoşulmasına hələlik icazə verməyib. Ehtimal ki, ABŞ sanksiyaları götürdükdən sonra Rusiya ABŞ-ın Normand formatına və ya Minsk prosesinə qoşulacağına razılıq verəcəkdir. Aİ-nin Riqa sammiti Ukrayna və Gürcüstan prizmasından tamamilə paradoksal mövqe ortalığa qoydu. Aİ Ukrayna və Gürcüstanla viza rejiminin liberallaşdırılmasına imkan vermədi. Guya Ukrayna və Gürcüstan viza rejiminin liberallaşdırılması ilə əlaqəli qoyulmuş şərtlərin hamısını yerinə yetirməyiblər. 2 il bundan qabaq Ukrayna ilə Aİ-Gürcüstan arasında assosiativ müqavilənin mətnini demək olar ki Aİ mütəxəssisləri yazmışdılar. İndi həmin qaydada texniki dəstək verməklə viza rejiminin liberallaşdırılması şərtlərini tamamilə yerinə yetirmək olardı. Amma Aİ rəhbərliyi, o cümlədən əməkdaşları Ukrayna ilə dialoqdan yayınırdılar. Ukrayna və Gürcüstanın viza rejimini liberallaşdırmaq istiqamətində bütün səyləri nəticəsiz başa çatdı. Ukrayna və Gürcüstanda isə ümid edirdilər ki, Aİ-nin Riqa sammiti nəinki viza rejimini liberallaşdıracaq, hətta Ukrayna və Gürcüstanın Aİ-yə üzvlüyünün vaxtını açıqlayacaq".

M.Əhmədoğlu vurğulayıb ki, ABŞ-Ukrayna münasibətləri Kiyev və Vaşinqtonda fərqli görünməyə başladı: "İndi Vaşinqton etiraf edir ki, Ukrayna "Minsk II" sazişinə bəzən əməl etmir. Ukraynada isə ABŞ-a əvvəlki ümidlər qalıb. İnformasiya siyasəti də bu ümidlərin üzərində qurulub. Prezident P.Poroşenko ABŞ dövlət katibi C.Kerrinin V.Putinlə görüşdən sonra onunla telefonla danışdığını bildirməsi fonunda C.Kerri P.Poroşenkonu destruktiv bəyanatlar verməkdə ittiham etdi".

M.Əhmədoğlu qeyd edib ki, P.Poroşenko Donbasda yenidən müharibənin başlayacağını bildirmişdi: "Rusiya prezidenti Vladimir Putin xüsusi əməliyyatlar zamanı həlak olmuş hərbçilərin sayının gizlədilməsi barədə fərman imzaladı. ABŞ bunu Ukraynadakı itkiləri gizlətmək üçün atılmış addım hesab edir. Amma ola bilər Rusiya gələcəkdə nəzərdə tutduğu bağlı əməliyyatlar üçün belə qərar qəbul edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti