Azərbaycan, Bakı, 17 iyun /Trend/
"Şuşanın "azad" olunmasının 23-cü ildönümü qeyd edildi. R.Koçaryan və A.Qukasyan da bu tədbirlərdə iştirak etdilər. Keçmiş döyüşçülərin, indiki tanınmış siyasətçilərin bir qismi "Şuşada qələbə çalmağa" sevinmədiklərini açıqca bildirdilər. Onların fikrincə, "Şuşadakı qələbə" döyüşdə dönüş yaratsa da, Ermənistanın daxili-siyasi həyatında hadisələr ancaq neqativ istiqamətdə inkişaf edir".
Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq bildirib ki, hazırda Ermənistan üçün ən böyük təhlükə Azərbaycan və Türkiyə deyil, Ermənistanın daxili sosial-iqtisadi vəziyyətidir: "Qarabağ klanının daxilində isə yeni aktivləşmə baş verir. Həm R.Koçaryan, həm də A.Qukasyan siyasi aktivliklərini xeyli artırıblar. "Parlament seçkiləri"ndə A.Qukasyan Xankəndində səs verdi, az keçmiş Dağlıq Qarabağda "Respublikaçılar" partiyasını təsis etdirdi. R.Koçaryanın Dağlıq Qarabağa söykənərək aktivləşməsi daha diqqəti çəkir. "Erməni soyqırımı"nın 100 illiyi tədbirlərində R.Koçaryan iştirak etmədi; ağır cərrahi əməliyyat keçirdiyi üçün xaricdə olduğunu bildirdilər. Üstündən iki həftə keçmiş "ağır cərrahiyyə əməliyyatından reabilitasiya olunmuş" R.Koçaryan Dağlıq Qarabağda Şuşanın "azad edilməsi" tədbirlərində iştirak etdi. R.Koçaryanın Rusiya prezidentinin Ermənistana səfər etdiyi vaxtda Yerevanda olmaması da diqqəti çəkir. Onun Qarabağda yenidən siyasi fəaliyyətə başlaması hər halda Ermənistan cəmiyyətində, o cümlədən, Rusiyada birmənalı qarşılanmayacaq".
M.Əhmədoğlu qeyd edib ki, indi Rusiyada belə düşünürlər ki, Ermənistanın Rusiyadan uzaqlaşmasının bünövrəsini məhz R.Koçaryan qoyub: "Ona görə R.Koçaryan Moskvaya səfər edə, Rusiyanın ərazisindən tranzit kimi istifadə edə bilmir. Mətbuatın yazdığına görə, R.Koçaryan Dağlıq Qarabağda olarkən Ermənistandan gedən nümayəndə heyəti onunla görüşmək üçün növbəyə durublarmış. Baş nazir O.Abramyan bir neçə dəfə R.Koçaryanla görüşüb. Dağlıq Qarabağdakı may tədbirlərində bu il rəsmi Yerevanı baş nazir O.Abramyan təmsil edirdi. Ermənistan məmurlarının R.Koçaryanla görüşmək üçün növbəyə dayanması mümkündür. Bu, həmin məmurların R.Koçaryana rəğbətindən deyil, indiki idarəçiliyə etirazından irəli gələ bilər".
Politoloqun qənaətincə, narazılıqlar və ya daxili siyasi çəkişmə hərbi sahəyə də keçib: "Ermənistanın müdafiə naziri S.Ohanyan Hərbi Sənaye Kompleksinin müəssisələri ilə tanışlığını davam etdirib. S.Ohanyan baş nazir O.Abramyanın hərbi sənaye kompleksini maliyyələşdirməsindən narazıdır: "Biz uşaq oyunu oynayırıq". S.Ohanyanın ən çox təmasda olduğu müəssisələr kompüter texnologiyaları ilə əlaqəli müəssisələrdir".