...

Millət vəkilindən Avropa Parlamentinə etiraz məktubu

Siyasət Materials 9 İyul 2015 14:26 (UTC +04:00)
Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin üzvü Elxan Süleymanov Avropa Parlamentinin Prezidenti Martin Şultsa, İnkişaf Komitəsinin sədri Linda MakAvana, Xarici Əlaqələr Komitəsinin sədri Elmar Broka məktub ünvanlayıb.
Millət vəkilindən Avropa Parlamentinə etiraz məktubu

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin üzvü Elxan Süleymanov Avropa Parlamentinin Prezidenti Martin Şultsa, İnkişaf Komitəsinin sədri Linda MakAvana, Xarici Əlaqələr Komitəsinin sədri Elmar Broka məktub ünvanlayıb.

Trend-in məlumatına görə, millət vəkili məktubunda qeyd edib ki, Avropa Parlamentində Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Qrupunun Avropa Parlamentinin Prezidentinə verdiyi tövsiyə barədə məktub nümayəndə heyətimizin diqqətinə çatdırılıb.

Məktubda bildirilir ki, Prezident Şultsa 2015-ci ilin noyabrında Azərbaycana hər hansı seçki müşahidə missiyası göndərməmək məsləhəti verilir və ölkəmiz haqqında olduqca mənfi qeydlər edilir: "Bu məktub Avropa Parlamentində ölkəmizə qarşı görünməmiş kampaniyanın nəticəsidir. Konfranslar və seminarlar, tədbirlər və müzakirələr, yüzlərlə məktub böhtanla dolu ittihamlar və sübut olunmamış iddialarla Azərbaycanın imicinə tamamilə xələl gətirmək məqsədi daşıyır. Bakıda I Avropa Oyunları Avropanın idman və müsbət əməkdaşlıq tədbiri olduğundan, görünür, bəzi AP deputatları onun imicinə kölgə salmağa çalışırdı. Biz şadıq ki, onlar buna müvəffəq olmadı və atletlərin nailiyyətləri qitə boyu qeyd edilə bildi. Lakin Parlamentiniz son həddə çatıb. Biz yalnız o nəticəyə gələ bilərik ki, siz tərəflərimiz arasındakı bütün müsbət əlaqələri məhv etmək üçün fəal cəhd göstərirsiniz və buna nail olmaq üzrəsiniz. Azərbaycanın beynəlxalq imicini məhv etmək istəyirsiniz və yeganə səbəb odur ki, sizi idarə etməyə və e-poçt ünvanınıza gələn bütün yalanlara inanmağa imkan verirsiniz. Əgər demokratiya, şəffaflıq və müsbət əlaqələr sizə həqiqətən maraqlıdırsa, xahiş edirəm suallarıma cavab verin. Sizi əmin edirəm ki, cavablarınızın, eyni zamanda bu məktubun ictimaiyyətə yayılmasını təmin edəcəyik".

E.Süleymanov xahiş edib ki, nə üçün Seçki Qrupu Azərbaycana dair vəziyyət barədə məlumatlı olduğunu iddia etsə də, noyabr ayında ölkəmizdə prezident seçkilərinin deyil, qanunverici seçkilərin keçiriləcəyini qeyd etməsi faktına şərh verilsin: "Siz o qədər qəzəb, nifrət və laqeydliklə ölkəyə yanaşırsınız ki, hətta 2015-ci ilin 1 noyabrında keçirilən parlament seçkilərinin olmasını unutmuş və Azərbaycanda "1 noyabr 2015-ci ildə prezident seçkilərinə" müşahidə missiyasının göndərilməməsini qeyd etmisiniz. Bu, təsadüfi və texniki hesab etdiyiniz səhvlə Azərbaycanda da Ukraynada olduğu kimi iğtişaşlara start vermək və 2018-ci ildə Azərbaycanda hakimiyyətin zorakılıq yolu ilə dəyişdirilməsi barədə son niyyətinizi və hədəfinizi indidən ictimaiyyətə elan etmirsinizmi?!

Avropa Parlamentinin 2013-cü il seçkilərində Azərbaycana gəlmiş missiyası seçkiləri azad və ədalətli hesab etmişdi. Bəs nə üçün ölkəmizdə demokratik seçki keçirilməsi üçün şərait olmadığını iddia edirsiniz? Aydındır ki, göndərdiyiniz üzvlər komandasının gəldiyi nəticəyə etinasız yanaşırsınız. Siz həqiqətən şəxsi mövqeyiniz əsasında hökm çıxarırsınız? İstifadə edə biləcəyiniz hər bir müsbət dəlilə məhəl qoymamağa üstünlük verirsiniz!

Həqiqətən də həm AP missiyası, həm də ATƏT PA və AŞPA komandalarının 2013-cü il hesabatı müsbət idi. Onlar seçkiləri ədalətli və demokratik standartlara cavab verdiyini bildirmişdilər. Bəs siz dəlilinizə əsas gətirmədən, necə belə mənfi bəyanatlar verə bilərsiniz? Nə üçün qurumunuzun müsbət qiymətləndirdiyi keçmiş hadisələr barədə saxta ittihamlara əsaslanaraq, hələ baş verməmiş bir hadisə barədə artıq nəticə çıxarırsınız?!

Onda Avropa Parlamentində Azərbaycana qarşı qərəz olduğunu düşünməliyikmi? Aİ ilə Azərbaycanı müxtəlif istiqamətlərə yönəltmək üçün belə çox səy göstərən qüvvələrin qalib gəldiyi ilə barışmalıyıqmı? Maraqlıdır, bundan kim yararlana bilər?"

Keçmişdəki bu məsələlərə baxmayaraq, Avronest vasitəsilə AP ilə əməkdaşlığı davam etdirməyə cəhd göstərildiyini deyən millət vəkili Azərbaycan tərəfinin mövqeyinə, məktublarına və tələblərinə etinasız yanaşılmasına baxmayaraq, bu hücumlarla mübarizənin yollarını tapmağa çalışacağını qeyd edib: "Partiyasından və siyasi qruplardan asılı olmayaraq, noyabrda keçiriləcək demokratik və ədalətli seçkilərdən sonra deputatlarımızın hələ də Avronest ilə əməkdaşlıq etmək istəyəcəyinə əminik. Bəs siz?

Prezidentlər, Avropa İttifaqının nümayəndələri, siz xoş niyyətinizi və təsirinizi artıq Ukraynada demək olar ki, itirmisiniz! Siz Moldovanı antiavropa partiyalarına uduzmaq üzrəsiniz. Gürcüstan da özünü kənar tutur. Belarusda da heç kəs sizi dinləmir. Ermənistan da artıq müqavilələrinizə və dəyərlərinizə arxa çevirib. Belə görünür ki, Azərbaycanı da itələmək üçün əlinizdən gələni edirsiniz. Bunu necə başa düşək? Mədəniyyətimizə, dinimizə qarşı qərəz kimi? Avropa Parlamenti indi dözümsüzlük və nifrət evinə çevrilibmi?

Siz demokratiya və hüquqlara dəyər verdiyinizi iddia edirsiniz. Lakin demokratik standartlarımıza məhəl qoymursunuz. Siz hətta AP deputatlarınızın hesabatlarını rədd edirsiniz. Siz qətnamə və müzakirələrdə reallıqda əsası olmayan məqamları diktə edir, daha sonra özünüz gəlib reallığı görməkdən imtina edirsiniz. Belə təəssürat yaranır ki, ətrafınızda etinasızlıq divarı tikmək üçün əlinizdən gələni edirsiniz. Lakin icazənizlə sizə xəbərdarlıq edim ki, bütün qonşularınız sizi unudanda, bu kimi divarlar çox zaman həbsxanaya çevrilir!

Şərq Tərəfdaşlığı lüzumsuz bir quruma çevrilmək üzrədir. Atdığınız addımların köməyi olmur. Siz məktubunuzda deputatlara hədə-qorxu gələrək seçkiləri öz adından müşahidə etməyə qadağa qoyursunuz və onları Davranış Kodeksi ilə hədələyirsiniz. Siz AP deputatlarına öz fikirlərini müstəqil şəkildə ifadə etməyə qadağa qoyursunuzsa, digər ölkələri söz və ifadə azadlığını pozmaqda ittiham edərkən utanmırsınızmı?!"

Sonda millət vəkili prezidentləri suallarına cavab verməyə və əsassız ittihamlardan əl çəkməyə dəvət edib: "Sizi əmin edirəm ki, cavablarınız seçki dairələrimiz və seçicilərimizə tam şəffaf şəkildə çatdırılacaq. Bəlkə də nümayəndə heyətimizə məhəl qoymayacaqsınız, lakin əgər Azərbaycanda demokratik dəyərlərlə maraqlandığınızı iddia edirsinizsə, bəzi avropalı siyasətçilərin, xüsusilə AP deputatlarının ölkəmizə qarşı nümayiş etdirdiyi hörmətsizlikdən fərqli olaraq, Azərbaycan vətəndaşlarının və siyasətçilərinin hüquqları barədə düşünməyə başlamağın vaxtıdır!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti