...

Səməd Seyidov: Ann Brasör Azərbaycan - Avropa Şurası münasibətlərinin korlanması üçün əlindən gələni etdi

Siyasət Materials 2 Oktyabr 2015 17:49 (UTC +04:00)
Avropa Şurasının, Avropa strukturlarının daxilində Azərbaycana qarşı yalan, böhtan, provokasiya dolu siyasət aparan şəxslər artıq öz siyasətlərində iflasa uğramağa başlayıblar.
Səməd Seyidov: Ann Brasör Azərbaycan - Avropa Şurası münasibətlərinin korlanması üçün əlindən gələni etdi

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Avropa Şurasının, Avropa strukturlarının daxilində Azərbaycana qarşı yalan, böhtan, provokasiya dolu siyasət aparan şəxslər artıq öz siyasətlərində iflasa uğramağa başlayıblar. Trend-in məlumatına görə, bu fikirləri cümə günü jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin sədri Səməd Seyidov qurumun payız plenar sessiyasının nəticələrinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycana qarşı ən kəskin mövqedə dayanan, yalan, böhtan atan, provokasiyaları hansısa şəkildə düşünən şəxslər Avropa Şurasının siyasi səhnəsindən getməyə başlayıblar: "Sessiyanın nəticələrindən bəhs edərkən vurğulamaq istədiyim digər mühüm məqamın Azərbaycana da aidiyyəti var, amma bunun ölkəmizdən başqa Avropa ölkələrinə də aidiyyəti var. Azərbaycana qarşı ən kəskin mövqedə dayanan, yalan, böhtan atan, provokasiyaları hansısa şəkildə düşünən şəxslər Avropa Şurasının siyasi səhnəsindən getməyə başlayıblar. Bu o deməkdir ki, onların dövrü və apardıqları siyasət özlərini doğrultmur. Məsələn, AŞ PA-nın mandatı sona çatmış sədri Ann Brasör iki il ərzində Azərbaycan - Avropa Şurası münasibətlərinin korlanması üçün əlindən gələni etdi. AŞ PA-da Sosialist fraksiyasının rəhbəri Andreas Qross dəfələrlə öz çıxışlarında, öz təşəbbüslərində antiazərbaycan mövqeyindən çıxış etmiş şəxsdir. Digərlərinin də adını çəkmək olar. Bir anlığa diqqət yetirək: bu şəxslər gedirlər. Yalnız ona görə yox ki, onların rotasiya qaydasında mandatı sona çatır. Ona görə ki, onların yerinə gələcək insanlar daha obyektivdirlər. Biz onları təxminən tanıyırıq. Yəni Avropa Şurasının, Avropa strukturlarının daxilində Azərbaycana qarşı yalan, böhtan, provokasiya dolu siyasət aparan şəxslər artıq öz siyasətlərində də iflasa uğramağa başlayıblar".

Onun sözlərinə görə, söhbət yalnız Azərbaycana nümayəndə heyətinin göndərilməsindən getmir. Söhbət, o cümlədən bu insanların apardığı siyasətin özünü doğrultmamasından gedir: "Avropa Şurasını kənara qoyaq. Avropa Parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri Elmar Brokun Azərbaycanla bağlı mövqeyi heç vaxt düzgün deyildi. Amma bu gün Azərbaycana gəlmək istədiyini bəyan edir. O, habelə bəyan edir ki, Avropa Parlamenti qətnaməni qəbul etməklə Azərbaycanı itirdi. Hətta bunlar başa düşməyə başlayıblar ki, təzyiqlə hədə-qorxu və provokasiya ilə heç nə etmək mümkün deyil".

Bu sessiyada Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə toxunan S.Seyidov qeyd edib ki, bu gün Avropa Şurasında Azərbaycanın səsi yüksəkdir: "Nümayəndə heyətimizin üzvü Rafael Hüseynovun demokratik cəmiyyətdə dinlərarası münasibətlər və dini dözümlülüklə bağlı məsələləri ən yüksək səviyyədə ortaya qoyan məruzəsi AŞ PA-da qəbul edildi. Azərbaycan nümayəndə heyətinin sədri hansısa bir rotasiya və ya müddət əsasında yox, Monitorinq komitəsinin üzvləri tərəfindən yekdilliklə komitə sədrinin müavini təyin olundu. Bu, birbaşa səsvermənin nəticəsidir. Bunda başqa, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva və Sahibə Qafarova Avropa Şurasında məruzəçi kimi çıxış etməyə başlayıblar. Nümayəndə heyətinin üzvləri Elxan Süleymanov, Rövşən Rzayev, Sabir Hacıyev burada aktiv fəaliyyət göstərirlər. Nümayəndə heyəti olaraq, Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi nümayəndəliyinin fəaiyyətini də xüsusi vurğulamaq lazımdır. Ona görə ki, əlaqələrimiz, gördüyümüz işlər hamısı məsləhətləşmələr və bir komanda şəklində həyata keçirilir".

S.Seyidov bildirib ki, bu gün Avropa Şurasında böyük bir böhran var: "Ona görə ki, əslində Avropada gedən proseslərə cavabdeh olan bir qurum öz nüfuzunu, öz imkanını, öz təsirini itirməkdədir. Yaxşı ki, bir balaca bu proses başa düşülməyə başlanıb. Dediyim kimi, bunları yaradan insanlar yavaş-yavaş səhnədən gedirlər. Etiraf etmək lazımdır ki, Avropa Şurası böhran içindədir. Və bu böhran ciddi şəkildə davam edir. Buna cavab olaraq, biz daha geniş fəaliyyət göstərməli, daha yüksək strukturlara daxil olmalıyıq ki, bizə qarşı yönələn hər hansı bir cəhdin, böhtanın, təxtibatın qarşısını alaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti