...

Deputat: Paraqvay Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir

Siyasət Materials 15 Oktyabr 2015 14:44 (UTC +04:00)
Azərbaycan və Paraqvay arasında əməkdaşlığı möhkəmləndirmək lazımdır.
Deputat: Paraqvay Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan və Paraqvay arasında əməkdaşlığı möhkəmləndirmək lazımdır. Bunu Trend-ə müsahibəsində Paraqvay Milli Yığıncağının deputatı, Milli Konqresin İmmiqrasiya işləri və inkişaf komissiyasının sədri Esmerita Sançes de Da Silva deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın inkişafı ilkin mərhələdədir və tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün addımlar atmalıdır.

Deputat Paraqvayın Bakıda səfirliyinin açılması imkanını istisna etməyib: "Bunun üçün iki ölkənin Xarici İşlər nazirlikləri ilə ilkin iş aparmaq lazımdır".

O qeyd edib ki, Azərbaycan Latın Amerikası ölkələrində vətəndaş cəmiyyəti təşkilatları və diplomatik nümayəndəlikləri ilə təmsil olunub: "Azərbaycan xüsisilə Latın Amerikasında mədəniyyəti və tarixi barədə məlumatlandırma siyasətini davam etdirməlidir".

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimin Ermənistan tərəfindən mütəmadi pozulmasına gəlincə, deputat qeyd edib ki, müharibə və aqressiya hərtərəfli sülhün əldə edilməsində heç vaxt yol olmayıb və olmayacaq.

O, bir daha ölkəsinin beynəlxalq tanınmış sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirib və Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməyə çağırıb: "Deputatlar palatasında Xocalı soyqırımı barədə işi araşdırdıq. Paraqvay xalqı da 1864-cü ildə Braziliya, Argentina və Uruqvayla toqquşmalarda qətliamla üzləşib. Ölkəmizin təcrübəsindən deyə bilərəm ki, müharibələr bəşəriyyətə fayda gətirmir. Mən Ermənistan və Azərbaycanı beynəlxalq hüquq əsasında qarşılıqlı anlaşma əldə etməyə çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti