...

XİN-dən qondarma rejimin "nümayəndə"si Bako Saakyanın Rusiyaya səfərinə münasibət

Siyasət Materials 14 Noyabr 2015 12:14 (UTC +04:00)
Xarici İşlər Nazirliyi (XİN) yalnız Ermənistan KİV-in məlumatı əsasında məsələyə münasibət bildirə bilməz.
XİN-dən qondarma rejimin "nümayəndə"si Bako Saakyanın Rusiyaya səfərinə münasibət

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Elmir Murad/

Xarici İşlər Nazirliyi (XİN) yalnız Ermənistan KİV-in məlumatı əsasında məsələyə münasibət bildirə bilməz.

Trend-in məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına əsasən Moskvada qondarma rejimə həsr olunan "günlər" və ümumerməni fondunun Rusiya üzrə telemarafonu çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Moskvaya səfərinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən rəsmi kanallar vasitəsilə ilk gündən bu məsələ araşdırılır.

H.Hacıyev vurğulayıb ki, Moskva hökuməti Azərbaycan səfirliyinin ilkin müraciətinə cavabında ümumiyyətlə belə bir səfərdən və tədbirdən xəbərsiz olduğunu bildirib: "Xarici İşlər Nazirliyi yalnız Ermənistan KİV-in məlumatı əsasında məsələyə münasibət bildirə bilməz. Bu baxımdan sözügedən səfərin məqsədi və təşkilatçıları rəsmi mənbələr əsasında dəqiq şəkildə müəyyən olunduqdan sonra Azərbaycanın münasibəti diplomatik kanallarla Rusiya tərəfinə çatdırılacaq. Ümumiyyətlə, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Bako Saakyanın digər ölkələrə səfərlərinə imkan verilməsi qəbuledilməzdir. Bu kimi səfərlər qondarma rejimin təşviqinə və Ermənistanın təxribatçılıq məqsədlərinə xidmət edərək münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir. Məsələ ilə əlaqədar Azərbaycanın qəti və birmənalı mövqeyi bütün tərəflərə çatdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti