...

Musa Qasımlı: KİV-lər milli-dövlət maraqlarında qırmızı xətti keçməməlidir

Siyasət Materials 22 Noyabr 2015 15:18 (UTC +04:00)
“Kütləvi informasiya vasitələri milli-dövlət maraqlarında qırmızı xətti keçməməlidir. Əks-təqdirdə dövlətin qanunları qarşısında cavab verməlidir”.
Musa Qasımlı: KİV-lər milli-dövlət maraqlarında qırmızı xətti keçməməlidir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

"Kütləvi informasiya vasitələri milli-dövlət maraqlarında qırmızı xətti keçməməlidir. Əks-təqdirdə dövlətin qanunları qarşısında cavab verməlidir".

Bunu Trend-ə Milli Məclisin deputatı, Mətbuat Şurası İdarə Heyətinin üzvü Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, ölkəmizdə mətbuat azaddır, senzura mövcud deyildir: "Jurnalistə "onu yazma, bunu yaz, elə yazma, belə yaz" deyən yoxdur. Jurnalist nəyi, necə istəyirsə, elə də yazır. Belə bir şəraitdə bəzi KİV-lərin dövlət hakimiyyət orqanları, digər qurumlar, ayrı-ayrı dövlət adamları, deputatlar, məmurlar və s. haqqında düzgün olmayan, böhtan xarakterli məlumatlar dərc edərək bir-birilərinə ötürmələri həmin KİV-lərin təsisçilərinin, baş redaktorlarının və düzgün olmayan xəbərləri yazan jurnalistlərin səviyyəsinin göstəricisidir".

M.Qasımlı vurğulayıb ki, reket KİV-lərin təsisçi və baş redaktorlarının əksəriyyəti jurnalist təhsili olmayan şəxslərdir:

"Böhtan xarakterli məlumatlar tirajlayaraq ajiotaj yaradan KİV-lərin başlıca məqsədi dövlət adamlarını, məmurları, deputatları gözdən düşürtmək yolu ilə ölkədə vətəndaşlar arasında çaşqınlıq, dövlət hakimiyyət orqanlarına etimadsızlıq yaratmaq, hakmiyyəti zəiflətmək, dövlətin əsaslarını "baltalamaqdır". Bu, dövlətimizi daxildən "yumşaq güc" vasitəsi ilə zəiflətməyə çalışan bəzi xarici ölkələrin xüsusi xidmət orqanlarının sifarişinin bilərəkdən və ya bilməyərəkdən yerinə yetirilməsidir.

Təəssüf ki, araşdırsanız, belə saytların bir çoxunun arxasında dövlətçilik təfəkkürü olmayan bəzi məmurların, danışığında və yazılarında özünü "filah pərəst" kimi təqdim edən, milli məsələləri uzun illər boyu artıq alver predmetinə çevirmiş cılız təfəkkürlü ayrı-ayrı şəxslərin dayandığının və maliyyələşdirdiyinin şahidi olarsınız".

M.Qasımlı qeyd edib ki, KİV öz fəaliyyətini dövlətimizin mövcud qanunlarına əsasən qurmalı, məsuliyyətli, ədalətli, qərəzsiz və obyektiv olmalıdır:

"Media, yaydığı hər bir xəbər üçün məsuliyyət daşımalı, yazdığının arxasında durmalıdır. Böhtanlar tirajlayan saytların bir çoxunda ünvan, təsisçi, baş redaktor və əlaqə telefonları yazılmır. Necə ola bilər ki, bir şəxs bir neçə "reket" saytı idarə etsin, özü də dövlət hakimiyyət orqanlarını gözdən düşürsün? Axı, biz dövlətik və bu məsələlərdə qanunun bütün gücündən istifadə edilməlidir. Demokratiya anarxiyaya gətirməməlidir. Qanun bu məsələləri dəqiq şəkildə tənzimləməlidir. KİV-lərə fəaliyyət üçün müvafiq icazələri verən orqanların məsuliyyəti artırılmalıdır. Ona görə də müvafiq qanunlara əlavə və dəyişikliklərin edilməsinin zəruriliyi qənaətindəyəm".

Xəbər lenti

Xəbər lenti