...

ABŞ-da Ahıska Türklərinin sürgününün 71-ci ildönümü anıldı (FOTO)

Siyasət Materials 24 Noyabr 2015 08:24 (UTC +04:00)
ABŞ-ın Deyton şəhərində yerləşən Ahıska Türkləri Amerika İcması Mərkəzində (Ahiska Turkish American Community Center - ATACC) Ahıska Türklərinin 1944-cü ildə məruz qaldığı dəhşətli sürgünün 71-ci ildönümü anıldı
ABŞ-da Ahıska Türklərinin sürgününün 71-ci ildönümü anıldı (FOTO)

Bakı. Trend:

ABŞ-ın Deyton şəhərində yerləşən Ahıska Türkləri Amerika İcması Mərkəzində (Ahiska Turkish American Community Center - ATACC) Ahıska Türklərinin 1944-cü ildə məruz qaldığı dəhşətli sürgünün 71-ci ildönümü anıldı.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Tədbirdə Deyton meriyası və yerli icra hakimiyyətinin nümayəndələri, Ohayo ştatı Senat və Nümayəndə palatasının çoxsaylı üzvləri, Türkiyənin Çikaqo şəhərindəki Baş konsulu Umut Acar, yerli iş adamlar və ictimai xadimlər, həmçinin yerli ahıska türkləri icması təmsilçiləri iştirak etmişdir. Ölkəmizi tədbirdə ABŞ-dakı Səfirliyimizin müşaviri Məmməd Talıbov təmsil etmişdir.

Qeyd edək ki, Ohayo rəsmiləri arasında tədbirdə Dayton Təhsil Şurasının üzvü seçilmiş Adil Bağırov da iştirak etmişdir. Amerika Azərbaycan icmasının fəal üzvü kimi tanınmış və ABŞ Azərbaycanları Şəbəkəsinin (US Azeris Network - USAN) həmtəsisçisi olan A.Bağırov ABŞ rəsmi strukturlarına seçilmiş ilk həmvətənimizdir.

Tədbir zamanı ahıska türklərinin üzləşdiyi bu dəhşətli hadisələr və tarix boyu bundan sonra məruz qaldığı digər çətinlik və ədalətsizliklərdən bəhs edən qısa film nümayiş etdirildi. 1944-cü il sürgünün canlı şahidləri olan ahıska türkləri icmasının ağsaqqaları gördükləri barədə tədbir iştirakçılarına danışdı.

ATACC-in başçısı İslam Şahbəndərov sözügedən hadisələrdən 71 il ötməsinə baxmayaraq ahıska türklərinin indiyədək doğma torpaqlarına qayıtmasının mümkün olmadığını dedi.

Ohayo ştatı rəsmiləri və yerli qanunverici orqan üzvləri çıxışları zamanı ahıska türkləri icmasının ştatın inkişafı və mədəni fərqliliyinə verdiyi töhfəni xüsusilə qeyd edərək bu xalqın tarixində bir neçə dəfə üzləşdiyi dəhşətlərin bir daha təkrarlanmayacağına inandıqlarını bildirdi.

Azərbaycan Səfirliyinin müşaviri M.Talıbov çıxışı zamanı Azərbaycan xalqının tarix boyu ahıska türkləri qardaş və bacılarını doğmaları kimi qarşılayaraq onlara torpağımızda sığınacaq verdiyini qeyd etmişdir. O bildirmişdir ki, əfsuslar olsun ki ahıska türklərinin taleyinə bir qara səhifə də yazılmışdır. Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin işğalı zamanı vəhşicəsinə qətlə yetirilmiş yüzlərlə günahsız insanlar arasında o zaman orada məskunlaşmış ahıskalı türklərin də olduğunu xatırlatdı. Eyni zamanda o, Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin türk və Azərbaycan xalqları arasında qardaşlığı əks etdirən "bir millət - iki dövlət" sözlərini xatırladaraq ölkəmizin qapılarının türk qardaş və bacılarımız, o cümlədən ahıska türklərə daim açıq olduğunu dedi və eyni zamanda Ohayo ştatında yaşayan çoxsaylı ahıskalıların ölkəmizin onlar üçün etdiklərini unutmadığını və Azərbaycanı burada dəstəklədiklərinə görə təşəkkürünü bildirdi.

1944-cü ildəki sürgün zamanı ahıska türkləri xalqı əhalisinin 40% itirmişdir. Onu da qeyd edək ki, Deytonda məskunlaşmış ahıska türklərinin kifayət qədər böyük qismi bir zaman Azərbaycanda yaşayıb.

Xəbər lenti

Xəbər lenti