Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
İSESKO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci ilin 23-27 noyabr tarixlərində keçirilmiş iclasında Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilib. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymət kimi təqdirəlayiqdir.
Sərəncamda qeyd olunur ki, İSESKO Baş Konfransına sədrliyin uğurla həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, İSESKO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası aşağıdakı tərkibdə yaradılsın:
Komissiyanın sədri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Komissiyanın üzvləri
Nadir Hüseynov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Səyyad Salahlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini
Dağbəyi İsmayılov - Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) baş direktorunun müavini
Urxan Ələkbərov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Vasim Məmmədəliyev - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.