Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan ATƏT ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
O, qeyd edib ki, Azərbaycanla ATƏT-in Parlament Assambleyası arasında heç bir problem yoxdur: "Biz Azərbaycan tərəfi olaraq ATƏT ilə münasibətlərə hər zaman önəm vermişik. Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti yalnız həmin təşkilatlar üçün deyil, Azərbaycan üçün də vacibdir. Buna görə də biz ATƏT ilə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik. Düzdür, ATƏT PA-dan Azərbaycanda parlament seçkilərini müşahidə etməyə gəlmədilər, lakin ATƏT PA ilə Azərbaycan arasında heç bir problem yoxdur".
Vitse-spiker Azərbaycanın da öz mövqeyini bildirdiyini deyib: "Amma bu bir siyasətdir, münasibətlərdə enmələr də, qalxmalar da olur. Əməkdaşlığa mane olan məsələlər nədirsə, onu açıq şəkildə vurğulamaq lazımdır".