Bakı. Trend:
"Hesab edirəm ki, bu gün ölkəmiz üçün yeni dövr başlayır. Əminəm ki, bu dövr də uğurlu olacaqdır. Bu, postneft dövrüdür. Postneft dövrü bizim hesablamalarımıza görə 2040-cı ildən sonra başlamalı idi. Ancaq neftin qiymətinin kəskin düşməsi nəticəsində artıq biz postneft dövründə yaşayırıq".
Bunu Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə deyib.
İlham Əliyev bildirib ki, əlbəttə ki, iqtisadi sahədə ciddi islahatların aparılmasına çox böyük ehtiyac var:
"Bu islahatlar başlayıb və dərinləşəcək. Biz çalışmalıyıq və əminəm, buna nail olacağıq ki, Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatlarından fərqlənməsin, o səviyyədə olsun. Çünki gərək bütün mexanizmlər, bütün meyarlar bu tələbləri ehtiva etsin.
Bizim çox güclü intellektual potensialımız var, coğrafi vəziyyətimiz çox əlverişlidir. Bu gün Azərbaycan tranzit ölkə kimi artıq dünya miqyasında böyük hörmətə malikdir. Siz də yəqin izləyirsiniz ki, tranzit yollar artıq Azərbaycandan keçir. Digər üstünlüklərimiz var. Azərbaycanda savadlılıq 100 faizdir. Bu da bizim böyük sərvətimizdir. Ona görə mən ölkəmizin uğurlu inkişafına nəinki inanıram, əminəm ki, belə də olacaq".
Dövlət başçısı bildirib ki, növbəti 2-3 il ərzində, xüsusilə iqtisadi sahədə yeni iqtisadi model artıq işləməyə başlayacaqdır:
"Birinci mərhələdə, 1990-cı illərin əvvəllərində biz tənəzzülün qabağını almalı idik və almışıq. Bundan sonra Heydər Əliyev neft strategiyasının icrası nəticəsində böyük layihələrə nail ola bilmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum bizə çox böyük imkanlar yaratdı. Neft Fondu yaradıldı. Azərbaycan böyük həcmdə nefti ixrac etməyə və gəlir əldə etməyə başlamışdır. Biz gəliri də ölkəmizin inkişafına yönəltdik. Bölgələrdə, Bakıda yeni infrastruktur layihələri həyata keçirildi, məktəb binaları, xəstəxanalar tikildi, yəni, infrastruktur tamamilə yeniləndi. Hələ ki, görüləsi işlər çoxdur. Amma infrastruktur layihələrinin böyük hissəsi artıq reallaşıb. Buna biz vəsait sərf etdik ki, gələcəkdə neftdən asılılığı daha da azaldaq".
İlham Əliyev vurğulayıb ki, indiki dövr isə inkişaf etmiş ölkələrdəki kimi, daha çox innovasiya, intellektual inkişaf dövrü olacaq:
"Onlar nəyin hesabına inkişaf edirlər? İnkişaf etmiş ölkələrdə, onların böyük əksəriyyətində neft-qaz yoxdur. Onların böyük şirkətləri var. Onlar gedib xarici ölkələrdə neft-qaz hasil edirlər və öz büdcələrinə vergi ödəyirlər. Onlar nəyin hesabına inkişaf edirlər? Ancaq texnologiya, bilik və savad hesabına.
Bu gün əlbəttə ki, dünyada bizdən qat-qat çox neft hasil edən, ixrac edən ölkələr var. Ancaq onlar da texnologiyaları Qərbdən alırlar. Bu, bu günün reallıqlarıdır. Əlbəttə, mən çox istərdim ki, Azərbaycanda alimlər ixtiralar ortaya qoysunlar, dünya elminə töhfələr versinlər. Əminəm ki, bu, olacaq.
Amma indiki dövrdə biz Azərbaycana qabaqcıl texnologiyaları gətirməliyik və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq. Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək. Bu gün artıq hərbi sahədə yeni texnologiyalar hər şeyi dəyişir. O qədər də böyük orduya malik olmayan ölkələr bəlkə də hərbi cəhətdən ən güclü ölkələrə çevrilir. Ona görə biz bu sahəni daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Azərbaycanda elmin inkişafına, yeni texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət verilir. Təkcə ona görə yox ki, biz bu sahəni yaradaq və onunla öyünək. Ona görə ki, bu, intellektual inkişafa təkan verir".
Dövlət başçısı bildirib ki, xüsusilə bu, gənclərə aiddir: "Burada təhsil, bilik ön plandadır. Yəqin, biz hamımız və balaca uşaqlar, tələbələr də tez-tez eşidirlər ki, oxumaq, təhsil almaq lazımdır. Bəziləri buna öyrəşir, amma doğrudan da budur əsas. Bu olmasa, ölkələr inkişaf edə bilməyəcək. Neftlə, qazla zəngin olan ölkələr bundan sonra da texnologiyalar alacaqlar. Xarici şirkətlər gəlib onlar üçün infrastruktur yaradacaqlar və s. Amma nə vaxtsa bu neft, qaz qurtaracaq. Ondan sonra nə olacaq?!
Biz gələcəyə bax, bu prizmadan yanaşmalıyıq. Uzunmüddətli strategiyamızı müəyyən edirik, edəcəyik. Neftdən asılılıq tamamilə aradan götürülməlidir. Biz iqtisadi islahatlar, sahibkarlığın inkişafı, şəffaflığın hesabına buna nail oluruq və olacağıq. Gənclər cəmiyyətimizin fəal üzvləri kimi əlbəttə ki, bütün bu işlərdə fəal rol oynamalıdırlar. Mən buna əminəm ki, belə də olacaq və gənclərdən fəallıq gözləyirəm. Cəmiyyəti narahat edən, incidən məsələlərin ortaya çıxmasında gənclərin də böyük rolu var. Biz çalışmalıyıq ki, bütün qüsurları aradan götürək və hər sahədə ədalət tam təmin edilsin. Çünki ədalət olmasa, inkişaf ola bilməz. Ədalət ailədə də, məişətdə də, siyasətdə də, hər sahədə olmalıdır. Belə olan halda ölkəmiz uzunmüddətli inkişafa nail olacaq".