...

İndoneziya Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə böyük maraq göstərir

Siyasət Materials 17 Fevral 2016 19:39 (UTC +04:00)
Fevralın 17-də Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun ölkəmizdə səfərdə olan İndoneziya Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.
İndoneziya Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə böyük maraq göstərir

Bakı. Trend:

Fevralın 17-də Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun ölkəmizdə səfərdə olan İndoneziya Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan vitse-spiker Azərbaycanla İndoneziya arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. O bu münasibətlərin möhkəmlənməsində dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin xüsusi rolu olduğunu vurğulayıb.

V.Ələsgərov bildirib ki, Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir. Ölkəmizin öz enerji təhlükəsizliyini təmin etmək baxımından böyük potensialı var. Amma xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu inkişafa maneçilik törədir. Qeyd olunub ki, bu münaqişədə minlərlə insan şəhid olub və ya hər hansı formada zərər çəkib, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. İşğalçılıq siyasətini davam etdirən Ermənistan beynəlxalq təşkilatların - BMT-nin, AŞ PA-nın, ATƏT-in, İƏT-nin Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamə və qərarlarına məhəl qoymur. Münaqişə nəinki Azərbaycanın, bütövlükdə regionun təhlükəsizliyini təhdid edir.

Sonra görüşdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələri üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev münasibətlərin genişlənməsində hər iki ölkənin parlamentində mövcud olan dostluq qruplarının fəaliyyətindən söz açıb, qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

İndoneziya Nümayəndələr Palatasının sədr müavini F.Hamzah səmimi görüş və qonaqpərvərlik üçün minnətdarlığını bildirib. Qeyd olunub ki, xalqlarımız arasındakı qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əsaslı zəmin var. Qonaq öz ölkəsinin Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə böyük maraq göstərdiyini söyləyib.

F.Hamzah İndoneziyanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini, öz ölkəsinin bundan sonra da bu istiqamətdə diplomatik səylərini davam etdirəcəyini deyib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti