...

İlham Əliyev: Beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 Fevral 2016 14:48
"İlk növbədə, dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə sizə öz minnətdarlığımı bildirirəm. Yenidən qardaş İran torpağında olmağımdan çox məmnunam".
İlham Əliyev: Beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Tehran. Mehdi Sepahvənd - Trend:

"İlk növbədə dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Fürsətdən istifadə edərək, İrana qarşı qoyulmuş sanksiyaların aradan qaldırılması münasibətilə bir daha Sizi və bütün İran xalqını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olmuşdur və bütün yüksək kürsülərdən öz sözünü ifadə etmişdir".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasına rəsmi səfəri zamanı Tehranda mətbuata bəyanatla çıxışında bildirib. Çıxış İranın dövlət telekanalı IRINN TV-nin efirində canlı yayımlanıb.

Dövlət başçısı deyib: "Cənab Prezident, Siz müzakirə etdiyimiz bütün məsələləri mətbuat nümayəndələrinə çox geniş şəkildə çatdırdınız. Doğrudan da bu gün bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı və fikir birliyi ifadə olundu. Biz çox şadıq ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimizin çox möhkəm təməli vardır. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bizim münasibətlərimiz bu möhkəm təməl üzərində qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri vardır. Bu gün beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda, ikitərəfli münasibətlərimizə aid olan məsələlər geniş müzakirə edildi. Biz razılaşdıq ki, beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik. Beynəlxalq aləmdə bundan sonra da bir-birimizə dəstək göstərəcəyik".

Prezident İlham Əliyev sonra qeyd edib: "Bu gün, eyni zamanda regional məsələlər müzakirə edildi. Dünən elan olundu ki, Amerika Birləşmiş Ştatları və Rusiya Suriyada müharibənin dayandırılması haqqında qərara gəlmişlər. Biz bu razılaşmanı alqışlayırıq. Biz dəfələrlə bəyan etmişdik ki, Suriyada vəziyyəti normallaşdırmaq üçün ilk növbədə, atəşkəs yaradılmalıdır, ondan sonra sülh bağlanmalıdır və Suriya xalqı gələcəyini, taleyini özü müəyyən etməlidir".

Dövlət başçısı vurğulayıb: "Bir daha qeyd etmək istəyirəm ki, bu gün söhbət əsnasında bir çox məsələlərlə bağlı fikrimiz üst-üstə düşür. Bütün ölkələr bir-birinə hörmətlə yanaşmalıdır, bir-birinin işinə qarışmamalıdır. Belə olan halda müharibələr də dayanacaq, qarşıdurmalar da azalacaqdır. Bu gün Siz də bunun şahidisiniz ki, bir çox sənədlər imzalandı. Bu sənədlərin icrası bizim əlaqələrimizi daha da gücləndirəcəkdir. Bir çox sahələr üzrə imzalanan sənədlər gələcək üçün yol göstərir. Bu sənədlərin mahiyyəti çox müsbətdir və onların bir hissəsi ikitərəfli əlaqələrə, bir hissəsi isə çoxtərəfli və regional əməkdaşlığa xidmət göstərir. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində bu gün çox önəmli addımlar atılmışdır. Bu yolun istifadəyə verilməsi nəticəsində biz qitələri gözəl nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Azərbaycanın üzərinə düşən vəzifə bu ilin sonuna qədər icra ediləcək və biz dəmir yolumuzu İran sərhədinə qədər çəkəcəyik.

Neft-qaz sektorunda çox gözəl perspektivlər var. İran Azərbaycanın neft-qaz yataqlarına investisiyalar qoyur. Biz gələcək əməkdaşlıq haqqında çox gözəl fikir mübadiləsi apardıq. Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənilməsi məsələsi də müzakirə olundu və yaxşı nəticələr gözlənilir. Xəzər dənizi bizim ümumi sərvətimizdir. Xəzər dənizi bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır. Energetika sahəsində çox gözəl işlər görülür və gözəl perspektivlər vardır. Bu sahədəki əməkdaşlıq ancaq İran-Azərbaycan əməkdaşlığı ilə məhdudlaşmır. Qonşu ölkələr də bu layihəyə qoşula bilərlər və belə olan halda bu, gözəl transmilli, regional layihəyə çevriləcəkdir".

Azərbaycan Prezidenti bildirib ki, qarşılıqlı sərmayə qoyuluşu üçün çox gözəl imkanlar var: "Hər iki ölkədə hazırda çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır. Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaranacaqdır. Maliyyə, bank, sığorta, turizm, əczaçılıq sektorlarında da gələcək fəaliyyət üçün gözəl imkanlar var.

Prezident Ruhani qeyd etdi ki, artıq biz üçtərəfli formatlarda da fəal iştirak edirik və getdikcə bu formatların coğrafiyası genişlənəcəkdir. Bu, bizim regional əməkdaşlığa birgə verdiyimiz dəyərli töhfədir. Bu, hər iki ölkənin niyyətini göstərir. Biz istəyirik ki, bölgədə və dünyada sülh, əmin-amanlıq, əməkdaşlıq olsun. Bu gün yaşadığımız bölgədə İran və Azərbaycan sabitləşdirici rol oynayır. Bizim birliyimiz nə qədər güclü olsa, bölgədə təhlükəsizlik də bir o qədər yüksək səviyyədə qorunacaq. Prezident Ruhani qeyd etdi ki, bu, son iki il ərzində bizim beşinci görüşümüzdür. Mən fürsətdən istifadə edərək, cənab Prezident, Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm".

Sonda Azərbaycan Prezidenti İlham Əliyev qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti