...

Avstraliyanın multikulturalizm üzrə nazir müavini: Azərbaycan digər ölkələr üçün nümunədir (FOTO)

Siyasət Materials 3 Mart 2016 12:04 (UTC +04:00)
Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupun rəhbəri, Azərbaycan Milli Məclisinin deputatı Xanlar Fətiyevin rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti Avstraliyanın Hərbi Memorial Kompleksini ziyarət edib.
Avstraliyanın multikulturalizm üzrə nazir müavini: Azərbaycan digər ölkələr üçün nümunədir  (FOTO)

Bakı. Trend:

Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupun rəhbəri, Azərbaycan Milli Məclisinin deputatı Xanlar Fətiyevin rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti Avstraliyanın Hərbi Memorial Kompleksini ziyarət edib.

Trend-in məlumatına görə, nümayəndə heyəti komplekslə tanış olub. Memorialın kitabxanasına Xocalı soyqırımını əks etdirən Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kitab və videomateriallar təqdim olunub.

Həmin gün Avstraliya hökumətinin baş nazirinin müavini Barnabi Coysla görüş olub.

Aparılan danışıqlar zamanı Avstraliya və Azərbaycan arasında neft-qaz, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin, Avstraliya Hökumətinin Multikulturalizm üzrə nazir müavini, federal parlamentin deputatı Kreyq Londi ilə görüş keçirilib.

Görüş zamanı L.Londi qeyd edib ki, mürəkkəb regionda yerləşən Azərbaycan separatizm, terrorizm, ekstremizm kimi müxtəlif çağırışlarla üzləşir. Bununla belə bir müsəlman ölkəsi olaraq tolerant siyasəti, sabit və inkişaf etmiş iqtisadiyyatı sayəsində digər ölkələr üçün nümunədir. O, həmçinin qeyd edib ki, Azərbaycanda bütün din və konfessiya nümayəndələri sülh və əmin-amalıq şəraitində yaşayırlar.

X.Fətiyev Azərbaycanın terrorizm və separatizmlə mübarizədə səylərini vurğulayaraq nazirə Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib və qeyd edib ki, mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycanda tolerantlıq, mədəniyyətlərarası dialoq və multikulturalizm siyasəti dövlət səviyyəsində həyata keçirilir. Bunun bariz nümunəsidir ki, Azərbaycan Prezidenti 2016-cı ili "Multikulturalizm ili" elan edib.

Görüşdə həmçinin, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov və Avstraliya parlamentinin dostluq qrupunun rəhbəri Lyuk Simpkins iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti