...

Elşad Həsənov: ATƏT PA münaqişələrə fəal yanaşsa, Avropa qitəsinin təhlükəsizliyi baxımından daha faydalı olar

Siyasət Materials 7 Mart 2016 16:49 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının son sessiyasında da Azərbaycan nümayəndə heyəti erməni tərəfinin yalan üzərində qurulmuş təbliğatına cavab verməli olub.
Elşad Həsənov: ATƏT PA münaqişələrə fəal yanaşsa, Avropa qitəsinin təhlükəsizliyi baxımından daha faydalı olar

Bakı. Trend:

ATƏT Parlament Assambleyasının son sessiyasında da Azərbaycan nümayəndə heyəti erməni tərəfinin yalan üzərində qurulmuş təbliğatına cavab verməli olub. Nümayəndə heyətinin üzvü millət vəkili Elşad Həsənov sessiya zamanı Azərbaycanın maraqlarının prinsipial şəkildə müdafiə olunduğunu vurğulayıb.

- Elşad müəllim, Siz ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüsünüz. Bu yaxınlarda qurumun sessiyası baş tutdu. Assambleya ilə münasibətlərin inkişafını necə görürsünüz?

- Azərbaycan ATƏT-lə 20 ildən çoxdur əməkdaşlıq edir. Əməkdaşlığımızın müsbət məqamları ilə yanaşı, bizi narahat edən bir sıra məsələlər də olub. Ümid edirik ki, təmaslar nəticəsində müəyyən suallar yaradan mövzular öz həllini tapacaq. ATƏT PA-da nümayəndə heyətimizə Milli Məclis sədrinin müavini Bahar xanım Muradova başçılıq edir və biz assambleyanın Vyanada keçirilmiş son qış sessiyasında iştirak etdik. Düşünürəm ki, sessiya zamanı Azərbaycanın maraqları prinsipial şəkildə müdafiə edildi. Sessiya zamanı erməni tərəfinin təbliğat xarakterli çıxışlarına layiqli cavab verildi. Şəxsən Bahar xanım və nümayəndə heyətimizin üzvləri erməni tərəfinin yalanlarına sərt cavab verdilər. Qeyd edim ki, iclas Xocalı soyqırımının törədildiyi gün, yəni 26 fevral tarixində keçirilirdi və bizim millət vəkilləri öz çıxışlarında 1992-ci ildə Xocalıda törədilmiş hərbi cinayətdən ətraflı söz açdılar. Sessiyada müxtəlif ölkələri təmsil edən 200-dən çox parlament üzvü iştirak etdi. Bu iclas müxtəlif məsələləri müzakirə etmək, qitə ölkələrinin parlamentləri arasında dialoq qurmaq baxımından faydalı oldu. Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupu ATƏT-in bayrağı altında fəaliyyət göstərdiyindən biz hesab edirik ki, Parlament Assambleyası bu məsələyə daha fəal yanaşmalıdır. Dövlətlərin ərazi bütövlüyü kimi mühüm bir prinsip ATƏT məkanında tam bərqərar edilməlidir. Hər bir ATƏT üzvü dövlətlərarası münaqişələrə yanaşmada prinsipiallıq göstərməlidir. Ümumiyyətlə, ATƏT Parlament Assambleyası bu və ya digər ölkənin daxili siyasi məsələlərinə müdaxilə etməkdənsə, dövlətlərarası ixtilaf və münaqişələrə daha fəal yanaşsa, Avropa qitəsinin təhlükəsizliyi və əmin-amanlığı baxımından daha faydalı olar.

- Siz Milli Məclisin Gənclər və idman komitəsinin üzvüsünüz. Bu sahədə son illər həyata keçirilmiş siyasəti necə qiymətləndirir və bundan sonra nələrin həyata keçirilməsini zəruri hesab edirsiniz?

- Öncə qeyd edim ki, gənclər və idman sahəsi Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. 90-cı illərin ortalarından bu günə kimi bu sahəyə böyük miqdarda dövlət sərmayələri yatırılıb. Ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır. Elə bunun nəticəsidir ki, Azərbaycan müxtəlif beynəlxalq yarışlarda ən yüksək yerlər qazanır, ölkəmiz nüfuzlu tədbirlərə ev sahibliyi edir. Ötən il Bakıda baş tutmuş Avropa Oyunları qitənin bütün diqqətini Azərbaycana yönəltdi. Yaxın zamanlarda isə Azərbaycan "Formula-1", İslam Həmrəylik Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər nüfuzlu turnirlərə ev sahibliyi edəcək. Beləliklə, Azərbaycan həm Qərb aləmində, həm də İslam dünyasında maraqla qarşılanan böyük yarışları qəbul etmiş olacaq. Bununla Azərbaycan bir daha Qərb və Şərq arasında bir növ körpü rolu oynadığını sübut etmiş olacaq. Gənclər siyasətinə gəlincə, deməliyəm ki, gənclərin cəmiyyətdə layiqli yerini tutması üçün davamlı şəkildə dövlət proqramları həyata keçirilir. Gənc kadrlar dövlət idarəçiliyinə cəlb edilir, onların sosial-iqtisadi, elmi inkişafı üçün lazımi şərait yaradılır. Bu, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət tərəfindən ardıcıl şəkildə həyata keçirilir.

- Hazırda dünyadakı sosial-iqtisadi vəziyyət fonunda Azərbaycan iqtisadi təsirləri minimuma endirməyə çalışır. Bu sahədə atılan addımların daha effektiv olması üçün hansı addımlar atılmalıdır?

- Bu gün qlobal miqyasda bizdən asılı olmayan proseslər gedir. Neftin qiyməti kəskin enib və neft ixrac edən ölkələrin gəlirləri təbii olaraq azalıb. Belə olan halda mənfi iqtisadi tendensiyaların meydana çıxması üçün zəmin yaranır. Azərbaycanda bu halların qarşısını almaq və minimuma endirmək üçün ölkə rəhbərliyi ardıcıl tədbirlər görür. Azərbaycan Prezidenti İlham Əliyevin son aylar ərzində müxtəlif tədbir və müşavirələrdə söylədiyi fikir və verdiyi tapşırıqlar bizim üçün əsas fəaliyyət istiqaməti olmalıdır. Yəni yerli istehsalın dəstəklənməsi, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, sahibkarlığın stimullaşdırılması və digər addım və tədbirlər ən düzgün siyasətdir. Dövlət başçısı bütün bu hədəfləri çox dəqiq müəyyən edib. Qlobal iqtisadiyyatda baş verənlər sanki qalxan və enən xətt üzrə inkişaf edir və neft qiymətləri də bu mənada istisna deyil. Əslində, neft qiymətlərinin belə kəskin enişinin ciddi iqtisadi əsası yoxdur və bu, daha çox məqsədyönlü siyasət təsiri bağışlayır. Zənnimcə, neftin ucuz satış qiymətinin ömrü uzun olmayacaq və Avropa və Asiyada iqtisadi artım enerji daşıyıcılarına tələbatı yenidən artıracaq. Azərbaycan iqtisadiyyatında əsas inkişaf tendensiyalarına nəzər yetirdikdə, aparılan iqtisadi siyasət makroiqtisadi fəsadları yumşaltmağa və riskləri minimuma endirməyə imkan verir. Amma təbii ki, sosial-iqtisadi sahədə hələ xeyli iş görülməli və biz hər birimiz bu sahədə ölkə rəhbərliyinin siyasətini əməli fəaliyyətimizlə dəstəkləməliyik.

- Siz Milli Məclisdə 17 saylı Yasamal 3-cü seçki dairəsini təmsil edirsiniz. Seçicilərinizlə təmasları necə qurursunuz?

- Seçicilərimlə mütəmadi görüşlər keçirirəm. Onları ayrı-ayrılıqda qəbul edir, dinləyir və problemlərini həll etmək üçün maksimum səy göstərirəm. Seçiciləri əsasən sosial, mənzil və məşğulluq kimi məsələlər narahat edir. Çalışırıq ki, əlimizdən gələn yardımı edək. Yasamal rayonu Bakı şəhərinin mərkəzi rayonlarından biridir və bu gün rayonda geniş quruculuq və abadlıq işləri görülür. "Sovetski" kimi tanınan məhəllənin ərazisində yeni, müasir park salınır. Paytaxtın Baş planına əsasən, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və abadlıq-quruculuq işləri çərçivəsində söküntü işləri aparılır. Ötən il ərzində burada yerləşən yaşayış və qeyri-yaşayış sahələrində ölçü işləri aparıldı. Ölçü işləri aparılmış yaşayış və qeyri-yaşayış sahiblərindən 2.766 nəfərlə müvafiq razılaşma protokolu imzalandı, 2.668 sakinə isə artıq kompensasiya ödənildi.
Qeyd edim ki, Yasamal rayonundakı tarixi-memarlıq abidələrinin bir hissəsi "Sovetski" kimi tanınan ərazidə yerləşir. Lakin aparılan söküntü işləri ilə əlaqədar narahatçılığa əsas yoxdur, çünki onların toxunulmazlığı müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb. Bütün tarixi-memarlıq abidlərinin inşa edilən yeni, müasir parkın içində saxlanılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti