...

"Baku Network" ekspertləri Azərbaycan Prezidentinin Ankaraya səfərinin əhəmiyyətini müzakirə ediblər (VİDEO)

Siyasət Materials 22 Mart 2016 11:35 (UTC +04:00)
"Baku Network" ekspert qrupu "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərovun moderatorluğu ilə Azərbaycan Prezidenti İlham Əliyevin martın 15-də Ankaraya səfərinin əhəmiyyətini müzakirə ediblər.
"Baku Network" ekspertləri Azərbaycan Prezidentinin Ankaraya səfərinin əhəmiyyətini müzakirə ediblər (VİDEO)

Bakı. Trend:

"Baku Network" ekspert qrupu "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərovun moderatorluğu ilə Azərbaycan Prezidenti İlham Əliyevin martın 15-də Ankaraya səfərinin əhəmiyyətini müzakirə ediblər.

Azərbaycan Prezidentinin Ankaraya səfəri Türkiyə və Azərbaycan mediasında yüksək səviyyədə qiymətləndirilib. Türkiyə KİV-ləri qeyd ediblər ki, bu səfər Azərbaycan və Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir və Azərbaycanın Türkiyəni ən çətin günlərdə də dəstəklədiyini bildiriblər.

Ekspert qrupu Prezident İlham Əliyevin Ankaraya səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafına təsirini, eyni zamanda bu əlaqələrin regional münasibətlərə təsirini, Azərbaycan və Türkiyə arasında olan enerji və iqtisadi layihələri müzakirə ediblər.

Bununla yanaşı, "Baku Network" ekspert qrupu dünyada və regionda baş verən bir sıra hadisələri müzakirə ediblər.

Mövzuya toxunan Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev qeyd edib ki, Türkiyə və Azərbaycan prezidentlərinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası çərçivəsində görüşü məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və digər dövlətlərə örnək olacağı qədər siyasi bir addımı nəticəsində məhz Türkiyədə baş tutdu. Türkiyədə baş verən terror aktından sonra Prezident İlham Əliyevin Türkiyənin belə bir çətin vəziyyətində atdığı bu addım məhz onun siyasi iradəsindən, uzaqgörənliyindən və apardığı müstəqil siyasətin təzahürü kimi qiymətləndirilməlidir.

A.Nagıyev deyib ki, Türkiyə Prezidenti cənab Ərdoğan bu addımı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük bir jest kimi əsil dostun dar gündə tanınıdığı kimi qəbul etdiyini bildirdi. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası baş tutdu və bu mühüm və vacib bir məsələ kimi dəyərləndirilir.

Politoloq hesab edir ki, Azərbaycan Prezidentinin Türkiyəyə səfəri regiona və digər dövlətlərə Azərbaycan və Türkiyənin hər zaman bir yerdə olduğu, Azərbaycanın Türkiyəni dəstəklədiyi mesajını verməklə həm Azərbaycanın, həm də onun Prezidentinin öz sözünü deyən lider olduğunu bir daha göstərdi.

Məsələyə münasibət bildirən Trend İnformasiya Agentliyinin Türkiyə və Yaxın Şərq redaksiyasının rəhbəri Rufiz Hafizoğlu qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə münasibətləri bölgədə ən yüksək səviyyədədir, həmçinin Bakı və Ankara bölgədə bağlayıcı rolunu yerinə yetirirlər: "Bölgədə bir çox formatlar var, misal olaraq, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan. Bu üçlü formatların hamısında Azərbaycan və Türkiyə var".

R.Hafizoğlu əlavə edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfəri birmənalı olaraq müsbət qarşılanıb: "Parisdə terror aktı baş verərkən bütün dünya Fransa ilə həmrəylik nümayiş etdirdi, lakin Ankarada yaşanan terror aktında dünya bu həmrəyliyi nümayiş etdirmədi. Sadəcə Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi və bu, Azərbaycana yaraşan bir addımdır".

"Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri, ekspert Emil Hüseynli hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya səfərini qardaşlıq səfəri də adlandırmaq olar.

E.Hüseynlinin sözlərinə görə, prezidentlərin görüşü zamanı verilən bəyanatlar bir daha göstərdi ki, Azərbaycan-Türkiyə münasibətləri səmimidir və bu səfəri Azərbaycan və Türkiyə münasibətlərində yeni bir başlanğıc hesab etmək olar.

E.Hüseynli bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri dünya ölkələrinə bir mesajdır.

"Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru E.Ələsgərov da qeyd edib ki, dünya diplomatiya tarixində Azərbaycan və Türkiyə münasibətlərinə bənzər münasibətlərə demək olar ki, rast gəlinmir.

Politoloq A.Nağıyev deyib ki, Türkiyə siyasi partiyaların aktiv olduğu bir dövlətdir və istisnasız olaraq, ölkədəki bütün siyasi partiyalar Prezident İlham Əliyevin Ankaraya səfərini yüksək səviyyədə alqışlayaraq Azərbaycan Prezidentinin bu addımının çox təqdirəlayiq hal olduğunu qeyd etdilər.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə dostluq və diplomatik əlaqələri bütün maneələri keçib ki, bu da təqdirəlayiq haldır.

Azərbaycan və Türkiyə arasında həyata keçirilən iqtisadi və enerji layihələrinin əhəmiyyətini vurğulayan Trend İnformasiya Agentliyinin Türkiyə və Yaxın Şərq redaksiyasının rəhbəri R.Hafizoğlu bildirib ki, önəmli layihələrdən biri də TANAP layihəsidir.

R.Hafizoğlunun fikrincə, TANAP sadəcə Azərbaycan və Türkiyənin ortaq maraqlarına xidmət edən layihə deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyi üçün ciddi əhəmiyyət kəsb edən layihədir.

Azərbaycanın bir çox məsələlərdə, eləcə də Rusiya və Türkiyə arasında yaşanan böhranın həllində vasitəçi kimi çıxış etmək potensialı olduğunu vurğulayan "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri, ekspert E.Hüseynli vurğulayıb ki, Azərbaycan Rusiya və Türkiyə münasibətlərinin normallaşmasında vasitəçi ola bilər: "Hesab edirəm ki, bu gün istər region dövlətləri olsun, istərsə də dünya dövlətləri, bu vasitəçiliyi real görürlər. Çünki Azərbaycan və Rusiyanın müttəfiq münasibətləri olmaqla yanaşı, Türkiyə ilə də eyni münasibətlərə sahibdir".

Ekspertlər beynəlxalq məsələlər mövzusunda Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadan çıxarılmasını da müzakirə ediblər.

Fəlsəfə elmləri doktoru E.Ələsgərov qeyd edib ki, Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadan çıxarılması ümumilikdə yaxşı haldır: "Suriyada atəşkəsin də əldə olunması müsbət haldır, çünki atəşkəslə Suriyada bir uzlaşma prosesi başlanır və təbii ki, qaçqın problemi də öz həllini tapacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti