...

Azərbaycan dünyada ən vacib məsələlərdə etibarlı tərəfdaşa çevrilib

Siyasət Materials 29 Mart 2016 22:13 (UTC +04:00)
Məhz supergüclərin də iştirak edəcəyi və dünya üçün vacib olan IV Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı mühüm bir hadisədir.
Azərbaycan dünyada ən vacib məsələlərdə etibarlı tərəfdaşa çevrilib

Bakı. Elçin Mehdiyev - Trend:

Məhz supergüclərin də iştirak edəcəyi və dünya üçün vacib olan IV Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı mühüm bir hadisədir. Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, Azərbaycan həmişə dünyada təhlükəsizlik məsələlərində fəal iştirak edib və lazımi dəstəyi göstərib: "Nüvə təhlükəsizliyi dünyada getdikcə daha aktuallıq kəsb edən bir məsələyə çevrilib. Xüsusilə dünyada münaqişələrin sayının artması, terror hadisələrinin çoxalması və terrorçuların nüvə silahı əldə etmə cəhdləri nüvə təhlükəsizliyinin vacibliyini xeyli dərəcədə artırıb. Bu baxımdan Azərbaycanın indiyə qədər dünyada təhlükəsizliyin təmin edilməsinə, terrorizmə qarşı mübarizəyə verdiyi töhfələr nəzərə alınaraq ölkəmizin nüvə təhlükəsizliyinin təmin edilməsində də rolu yüksək qiymətləndirilib və Azərbaycan da bu mötəbər sammitə dəvət alıb".

O vurğulayıb ki, bu, eyni zamanda Azərbaycanın dünyada ən vacib məsələlərdə etibarlı tərəfdaşa çevrildiyini bir daha sübut edir.

Politoloq hesab edir ki, Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanla ABŞ, o cümlədən sammitdə iştirak edən digər ölkələr arasında münasibətlərin yaxınlaşmasına xidmət edəcək: "Dövlət başçımızın aparıcı dövlətlərin, o cümlədən Amerika Birləşmiş Ştatlarının dövlət başçısı və digər rəsmi şəxslərlə görüşü istər regional münaqişələrin həllinə, istərsə də meqalayihələrin həyata keçirilməsinə mühüm töhfə verə bilər. Birləşmiş Ştatlar və Azərbaycan arasındakı münasibətlərdə daima inkişaf olub və düşünürəm ki, bundan sonra da olacaq".

A.Nağıyev vurğulayıb ki, bu gün Azərbaycan regionda öz sözünü deyə bilən və mühüm iqtisadi, siyasi və hərbi məsələlərin həllində rəyi nəzərə alınan bir dövlətdir: "Məhz buna görə də Birləşmiş Ştatlar Bakı ilə hərtərəfli əlaqə qurmaqda maraqlıdır. Bu, Türkiyə-Rusiya münasibətləri, Suriya böhranı, Gürcüstan və digər konfliktli məsələlərin həllində də özünü göstərir. Məhz buna görə də Azərbaycan Prezidentinin ABŞ-a səfəri münasibətlərimizə müsbət təsir göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti