Elmar Məmmədyarov iranlı həmkarı ilə görüşüb

Siyasət Xəbər 5 Aprel 2016 14:59 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın Ramsar şəhərində aprelin 5-də keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində İranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşüb.
Elmar Məmmədyarov iranlı həmkarı ilə görüşüb

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın Ramsar şəhərində aprelin 5-də keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində İranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşüb.

XİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətindən və inkişafından məmnunluq ifadə olunub və Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 23 fevral tarixində İrana etdiyi səfərin ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində mühüm addım olduğu vurğulanıb.

İkitərəfli əsasda münasibətlərin bütün sahələrdə inkişaf etdiyi qeyd olunub, hər iki ölkə arasında əməkdaşlığın vacib komponenti olan nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəmir yol xəttinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin, ikitərəfli və çoxtərəfli formatda Azərbaycan və İran əlaqələrinin regional əməkdaşlığa mühüm töhfələr verdiyi bildirilib.

Bu xüsusda da 7 aprel 2016-cı il tarixində Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli formatında xarici işlər nazirləri səviyyəsində görüşün keçiriləcəyi qeyd olunub.

Cəbhədə yaranan son vəziyyətlə əlaqədar ətraflı məlumat verən nazir Elmar Məmmədyarov bildirdi ki, Ermənistan Silahlı Qüvvələri 2 aprel 2016-cı il tarixində cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini hədəfə alaraq, Azərbaycan qoşunlarının təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutub. Nazir əlavə etdi ki, həmin gün saat 15:00-dan etibarən atəşkəsin başlanması barədə razılıq olsa da, Ermənistan tərəfi buna riayət etməyib, eyni zamanda 3 aprel tarixində Azərbaycan tərəfi xoşniyyət və sülhpərvər məramlardan çıxış edərək, əks-həmlə və cavab tədbirlərini birtərəfli qaydada dayandırması barədə qərar versə də, Ermənistan artilleriya və digər ağır silahlarla Azərbaycan ordusunun mövqelərini intensiv olaraq atəşə tutmaqda davam edib.

Nazir bildirib ki, Ermənistan beynəlxalq ictimaiyyəti aldadır, bütün vasitələrlə, o cümlədən gərginliyin yaradılması və saxlanılması ilə münaqişənin həllinin əsasını təşkil edən məsələlərdən diqqəti yayındırmağa və status-kvonu saxlamağa çalışır. O, qeyd etdi ki, beynəlxalq ictimaiyyət Ermənistana ciddi təzyiq göstərməli və Ermənistanın təxribatları dayandırmasına və Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasına nail olunmalıdır. Azərbaycan atəşkəsin təmin edilməsi və münaqişənin həlli istiqamətində ciddi siyasi prosesin başlamasının tərəfdarıdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaranmış vəziyyətdən narahat olduqlarını bildirib. O, əlavə edib ki, ölkəsinin Azərbaycanla çox yaxşı əlaqələri mövcuddur. Məhəmməd Cavad Zərif Ermənistan tərəfindən atılan mərmilərdən birinin İran ərazisinə düşdüyü və bununla bağlı İranın Müdafiə nazirinin hər iki ölkənin müdafiə nazirləri ilə danışıqlar apardığı barədə məlumat verib. İran atəşkəsin tezliklə bərpa olunması və münaqişənin ən qısa müddət ərzində həllinə tərəfdar olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional məsələlər müzakirə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti