...

Ramil Usubov ABŞ-ın Nevada Ştat Assambleyasının sədri ilə görüşüb

Siyasət Materials 5 Aprel 2016 19:04 (UTC +04:00)
Aprelin 5-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Hembriki qəbul edib.
Ramil Usubov ABŞ-ın Nevada Ştat Assambleyasının sədri ilə görüşüb

Bakı. Trend:

Aprelin 5-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Hembriki qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı səmimi salamlayan nazir respublikamızın Birləşmiş Ştatlarla bütün sahələrdə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizlik Sammitində iştirakının, ABŞ-ın yüksək vəzifəli rəsmi şəxsləri ilə keçirdiyi görüşlərin, apardığı danışıqların əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyini vurğulayıb.

Problemlərdən danışan daxili işlər naziri ölkəmizin transmilli mütəşəkkil cinayətkarlığın növlərindən olan terrorçuluqdan əziyyət çəkdiyini, hələ ötən əsrin 80-ci illərinin sonları-90-cı illərin əvvələrində Ermənistan xüsusi xidmət orqanlarının təşkil etdiyi 32 terror aktı nəticəsində 2 mindən çox vətəndaşımızın qətlə yetirildiyini, eyni zamanda 11 sentyabr 2001-ci il hadisələrindən sonra Azərbaycanın ABŞ-ın rəhbərliyi altında yaradılmış antiterror koalisiyasında fəal iştirak etdiyini, respublikamızın bu qlobal bəlaya qarşı mübarizəyə öz töhfələrini verdiyini qonağın nəzərinə çatdırıb.

Ölkəmizin əmin-amanlığın yüksək səviyyədə qorunduğu təhlükəsiz dövlətlərdən biri olduğu, burada müxtəlif dinlərdən, millətlərdən olan xalqların tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşadıqları, 2016-cı ilin "Multikulturalizm ili" elan edildiyi qeyd olunub.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən C.Hembrik 2014-cü ildə ölkəmizdə insan alverinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda iştirakını xatırladıb, ötən dövr ərzində Bakı şəhərinin simasının xeyli dəyişdiyini və gözəlləşdiyini diqqətə çatdırıb.

Qonaq Nevada ştatının ölkəmizlə ticari-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu, rəhbərlik etdiyi ştat assambleyasının respublikamıza dəstək ifadə edən qətnamə qəbul etdiyini, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyümüz və suverenliyimiz çərçivəsində həllinə tərəfdar olduğunu deyib, bu məsələdə hər zaman Azərbaycanın yanında olacaqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti