...

Deputat: Sülh istəyən dövlət güclü olmalıdır

Siyasət Materials 10 Aprel 2016 17:45 (UTC +04:00)
Sülh istəyən dövlət güclü olmalıdır, buna görə də Azərbaycan ordu quruculuğunu inkişaf etdirməlidir.
Deputat: Sülh istəyən dövlət güclü olmalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Sülh istəyən dövlət güclü olmalıdır, buna görə də Azərbaycan ordu quruculuğunu inkişaf etdirməlidir. Bunu Trend-ə Milli Məclisin deputatı Rafael Cəbrayılov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu nəinki Azəbaycanda keçirilən, hətta beynəlxalq tədbirlərdə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə belə dəfələrlə açıqlayıb: "Amma əfsuslar olsun ki, Ermənistan konstruktiv mövqe tutmadı, ATƏT-in Minsk Qrupu isə demək olar ki, fəaliyyətsizlik göstərdi, hətta bir sıra hallarda ikili standartlar mövqeyi tutaraq Ermənistanı dəstəklədi".

Deputat qeyd edib ki, Ermənistan təmas xəttində gərginliyi artırmaqla status-kvonun ömrünü bacardıqca uzatmağa çalışır. Amma status-kvo daimi ola bilməz: "Yəni bu problem həll olunmalıdır. Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Çünki bunu beynəlxalq hüquq deyir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqe tutması bu problemin həllinə imkan vermir. Onların bu mövqeyi aprelin əvvəllərində təmas xəttində gərginliyin yaranması ilə də nəticələndi".

R.Cəbrayılov bildirib ki, Qarabağ probleminin həlli "2+2" sualının cavabı qədər çox bəsitdir: "Çünki Qarabağ Azərbaycanın ərazisidir. Bütün beynəlxalq birliklər Azərbaycanı məhz bu ərazi ilə birlikdə tanıyır. Azərbaycan geosiyasi baxımdan elə bir maraqlı məkanda yerləşir ki, burada super güclərin, fövqəl dövlətlərin maraqları toqquşur. Azərbaycan bu maraqların üz-üzə gəldiyi bir məkan olduğundan bu problemin həlli uzanır. Ona görə də bunun üçün çox zərgər dəqiqliyi ilə bir siyasət aparılmalıdır və Azərbaycanda məhz bu maraqların toqquşmasını dəqiq təhlil edə bilən xarici siyasət aparılır. Bu uğurlu siyasət davam etdirilməli, dünyaya erməninin kimliyi bildirilməlidir. Dünyaya erməni kartının sonda uğursuz olacağını anlatmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti