Azərbaycan xəbərlər xidməti
Mətanət Əliyeva - Trend:
1992-ci il 8 may. 2016-cı il 8 may. İlk qeyd etdiyim tarixdən bu yana 24 il keçib. 24 il əvvəl erməni silahlı birləşmələri Azərbaycanın Şuşa şəhərini işğal edib.
Aradan 24 il keçib. Bu keçən zaman ərzində Şuşa şəhərinin işğal faktı aradan qaldırılmayıb. Şəhər bu gün də erməni qəsbkarlarının tapdağı altındadır. Münaqişə hələ də həll olunmayıb. Tarixin aynasına baxdıqda isə bu gün regionda vəziyyətin dəyişdiyini görürük. Özü də çox ciddi anlamda.
24 il öncə bu gün Şuşanın işğalını şəhərdə şəstlə bayram edən erməni qəsbkarları indi cinayətkar rejimlərini qorumağın hayındadırlar. Siyasi, iqtisadi, hərbi, diplomatik, sosial, demoqrafik tənəzzülə uğrayan cinayətkar Ermənistan rejimi bu gün sözün əsil mənasında hakimiyyətini qorumaq üçün çabalayır. Bütün bunların fonunda Ermənistan həm də informasiya müharibəsində də uduzur. Çünki mövqeyi haqsızdır və bütün "diplomatiyasını" yalan üzərində qurur.
İndi erməninin nə şəsti qalıb, nə də ki rahatlığı...
Dağlıq Qarabağ faktoru üzərindən hakimiyyətə gəlmiş Ermənistan cinayətkar rejiminin rahatlığını pozan isə bölgədə bu gün aciz duruma düşməsidir. Yaxın tarixə azacıq diqqətlə nəzər salanda qeyd etdiklərim aydın olur. Ermənistana bu gün rəhbərlik edənlərin arxalandığı dayaqları indi bir-bir cinayətkar rejimin arxasından çəkilir. Arxası boş qalmış ermənilər dayaqlarını itirirlər. Bununla həm də onlar maliyyə qaynaqlarını da itirirlər.
Digər diqqət yetirilməli ən önəmli məqamlardan biri. İqtisadi tənəzzüldə olan Ermənistanın cinayətkar rejimi bu gün hərbi güc balansında da Azərbaycandan çox zəifdir. Məğlubiyyətin astanasında olduğunu dərk edən Ermənistan rejimi hakimiyyətini xilas etmək üçün münaqişənin həll olunmaması üçün bütün məkrli oyunlarından istifadə edir. Aprel ayının ilk günlərində cəbhə xəttində baş verən hərbi olaylar zamanı ermənilərin sərgilədiyi mövqe bunu bir daha təsdiq edir.
Ermənistandan fərqli olaraq Azərbaycan isə qapılarını bütün dünyaya bir daha açdı. Bununla da, mövqeyinin nə qədər haqlı olduğunu bütün dünya ictimaiyyətinə bir daha sübut etmiş oldu. Və informasiya müharibəsində öz haqlı sözünü deyərək uddu. Yayılan erməni yalanlarının üzərinə aydın, obyektiv informasiyalarını sərdi.
Azərbaycan dövlətinin bu günkü gücü Ermənistan hakimiyyətini laxladıb. Regionda balans nisbətinin pozulması, daha dəqiq desək, Azərbaycanın xeyrinə dəyişməsi qarşı tərəfin mövqeyini sarsıdıb. Gücün qarşısında hiyləyə əl atmağı vəziyyətdən çıxış yolu sayan Ermənistan hakimiyyəti özünü saldığı dərin quyudan çətin ki, çıxara bilsin. Necə deyərlər, özü qazdığı dərin quyuya özü də düşdü...
Keçən 24 ildə çox mətləblər dəyişib. Doğrudur, işğal olunmuş Azərbaycan əraziləri hələ də erməni qəsbkarlarının tapdağı altındadır. Amma cəbhədə baş verən son olaylar göstərdi ki, ermənilər Azərbaycanla məğlub tərəf kimi danışmağa artıq cürət edəmməzlər.
Azərbaycan Ordusunun gücüylə burunları əməlli-başlı ovulan ermənilər 24 fərqilə bu gün quyunun dibindədirlər.
Xalqına, dövlətinə, Ali Baş Komandanına arxalanan Azərbaycan Milli Ordusu isə böyük zəfərinə hazırlaşır.
Qəzanız mübarək olsun, qardaşlar!