Bakı. Trend:
Ərəb Liqasının sabiq baş katibi və Misirin keçmiş xarici işlər naziri Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinə üzv seçilib. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini və özünün orada iştirakını yüksək dəyərləndirən Ə.Musa bildirib ki, bütün dünyada bir sıra qlobal problemlərin yaşandığı indiki dövrdə daim tolerantlığı, dialoqu və anlaşmanı təbliğ edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzlu İdarə Heyətinə qoşulmaq şərəfdir.
Ə.Musa ərəb dünyasının siyasi həyatında ən nüfuzlu simalardan biri sayılır. O, Misir Ərəb Respublikasının BMT, Hindistan və İsveçrədəki səfiri olub, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri vəzifəsində çalışıb, Livan vətəndaş müharibəsinin dayandırılmasında önəmli rol oynayıb. 2001-2011-ci illərdə isə Ərəb Liqasına rəhbərlik edən Ə.Musa Misir Prezidentliyinə namizəd olub, 2013-cü ildə Misirin yeni konstitusiyasını yazan 50 nəfərlik komitəyə rəhbərlik edib.