...

"Əl-Bəyan" qəzeti: Cənub Qaz Dəhlizi iqtisadi və təhlükəsizlik layihəsidir

Siyasət Materials 8 İyun 2016 11:53 (UTC +04:00)
İyunun 7-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) geniş oxucu kütləsinə malik ərəbdilli “əl-Bəyan” rəsmi dövlət qəzetində “İlham Əliyev: Mühitimizin iqtisadiyyatında və təhlükəsizliyində həyati əhəmiyyətli rol oynayırıq” sərlövhəli məqalə dərc edilib.
"Əl-Bəyan" qəzeti: Cənub Qaz Dəhlizi iqtisadi və təhlükəsizlik layihəsidir

Bakı. Trend:

İyunun 7-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) geniş oxucu kütləsinə malik ərəbdilli "əl-Bəyan" rəsmi dövlət qəzetində "İlham Əliyev: Mühitimizin iqtisadiyyatında və təhlükəsizliyində həyati əhəmiyyətli rol oynayırıq" sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə cari ilin 1-4 iyun tarixlərində paytaxt Bakıda XXIII Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas 2016" sərgi-konfransının keçirildiyi barədə oxuculara məlumat verilərək, bu tədbirin qlobal və regional müstəvilərdəki əhəmiyyətindən bəhs edilib. ABŞ, Böyük Britaniya, İtaliya, İspaniya, Rumıniya və digər ölkələrdən qlobal neft-qaz sahəsində qabaqcıl innovativ texnologiyalar və digər xidmətlər təqdim edən 200-dən artıq şirkətin iştirak etdiyi və ilbəil iştirakçi ölkələrin coğrafiyasının genişləndiyi özəlliklə qeyd edilib.

Sonra sözügedən sərgi-konfransın açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqinə toxunulub. Diqqətə çatdırılıb ki, XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016" sərgi-konfransı həm Azərbaycan, həm də dünya üçün olduqca önəmli və mötəbər hadisədir. Ölkəmiz 1994-cü ildə bu tədbiri keçirməklə, malik olduğu neft potensialını dünyaya təqdim edə bilib və bu günlərdə böyük transmilli layihələrin həyata keçirilməsində lider və fəal iştirakçıdır.

Davamı olaraq, "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsində bütün işlərin qrafik üzrə getdiyi önə çəkilərək, artıq 7 ölkənin üzv olduğu və Bakıdan İtaliya sahillərinə qədər uzanan bu layihənin iqtisadi və təhlükəsizlik layihəsi olduğu oxucuların diqqətinə çatdırılıb. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının 2,6 trilyon kubmetr həcmində olduğu və yeni yataqların işlənməsi nəticəsində ölkədə qaz hasilatının daha da artacağı barədə məlumat öz əksini tapıb.

Daha sonra dövlətimizin başçısının enerji siyasətinin konturlarına toxunduğu və bu siyasətin regionda və daha böyük coğrafiyada əməkdaşlığın inkişafına, sabitliyin təmin olunmasına xidmət etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdığı məqalədə əks edilib.

Ardınca ABŞ Prezidenti Barak Obamanın adı çəkilən sərgi-konfransın keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərdiyi bildirilib. Məktubda qeyd olunub ki, qlobal enerji təchizatında Azərbaycan olduqca mühüm rol oynayır. Bakı regional səviyyədə təchizatın şaxələndirilməsinin, bazardakı rəqabətin, eləcə də enerji təhlükəsizliyinin artırılması kimi ümumi məqsədlərin həyata keçirilməsində etibarlı tərəfdaşdır. 2015-ci il ərzində Azərbaycan və onun tərəfdaşları "Cənub Qaz Dəhlizi"nin reallığa çevrilməsində böyük tarixi mərhələlərə nail olublar. Bu davamlı əməkdaşlıq həmin mühüm layihənin başa çatdırılmasını təmin edəcək. Birləşmiş Ştatlar beynəlxalq tərəfdaşları ilə birgə buna yardım göstərməyə hazırdır.

Bundan savayı, B.Obamanın Prezident İlham Əliyevin "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi məqsədilə göstərdiyi səyləri alqışladığı, Azərbaycanın tam potensialının nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviq edilməsi, sərmayə mühitinin təkmilləşdirilməsi, hesabatlığın və qanunun aliliyini gücləndirilməsi və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması məqsədilə atdığı davamlı addımları dəstəklədiyi və Birləşmiş Ştatların Azərbaycanın sadiq tərəfdaşı olaraq qaldığını bəyan etdiyi məqalədə yer alıb.

Sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun təbrik məktubuna diqqət yetirilib. Belə ki, Baş nazirin ölkəsi ilə Azərbaycan arasında davamlı güclü ikitərəfli münasibətləri alqışladığı, Azərbaycanın enerji resurslarının Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağını vurğuladığı qeyd edilib. "Cənub Qaz Dəhlizi"nin Avropanın qaz bazarının şaxələndirilməsində və enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rolunu xüsusilə qeyd etdiyi, həmin dəhlizin inkişaf etdirilməsində Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirdiyi və mayın 17-də Trans-Adriatik boru kəmərinin təməlqoyma mərasimini cədvələ uyğun çəkilməsində növbəti mühüm hadisə kimi dəyərləndirdiyi oxucuların nəzərinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti