...

Prezident İlham Əliyev: "Azərbaycanda bütün məsələlər düşünülmüş siyasət əsasında öz həllini tapır"

Siyasət Materials 21 İyun 2016 18:25 (UTC +04:00)
Azərbaycanda bütün məsələlər ardıcıl şəkildə, düşünülmüş siyasət əsasında öz həllini tapır.
Prezident İlham Əliyev: "Azərbaycanda bütün məsələlər düşünülmüş siyasət əsasında öz həllini tapır"

Bakı. Trend:

Azərbaycanda bütün məsələlər ardıcıl şəkildə, düşünülmüş siyasət əsasında öz həllini tapır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsində sakinlərlə görüşündə deyib.

İlham Əliyev qeyd edib: "Əsas məsələ ondan ibarətdir ki, ölkənin uğurlu inkişafı davam etsin, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşasın, ictimai asayiş təmin edilsin, insanlar özlərini rahat hiss etsinlər, inkişaf üçün imkan olsun, azadlıqlar təmin edilsin, infrastruktur yaradılsın və beləliklə, biz gələcəyə daha da inamla baxaq və taleyimizi bundan sonra da öz əlimizdə saxlayaq, bundan sonra da müstəqil siyasət aparaq. Müstəqillik bizim ən böyük sərvətimizdir. İyirmi beş ildir ki, biz müstəqil həyat yaşayırıq və ancaq müstəqillik dövründə Azərbaycan xalqı artıq böyük nailiyyətlərə çata bilib. Əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq. Abşeron yarımadasının zəngin neft yataqlarının bəhrəsini Azərbaycan xalqı demək olar ki, lazımi səviyyədə görməyib. Baxmayaraq ki, hələ XIX əsrdə Azərbaycan dünya neftinin yarısını verirdi, XX əsrin əvvəllərində, ortalarında Sovet İttifaqı miqyasında xüsusi yer tuturdu. Ancaq Sovet İttifaqı dağılanda hamımız yaxşı xatırlayırıq biz nəyi gördük. Dağılmış sənaye, bərbad vəziyyətdə olan infrastruktur, torpaqlarımızın işğalı, xaos, anarxiya, özbaşınalıq, silahlı quldur dəstələri meydan oxuyurdu".

Azərbaycan Prezidenti vurğulayıb ki, ancaq bu gün biz öz taleyimizin sahibiyik. Bunu hər bir Azərbaycan vətəndaşı qiymətləndirməlidir: "Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, bu müstəqilliyi daha da möhkəmləndirsin və müstəqilliyin əleyhinə heç bir addım atmasın. Birincisi, bu, cinayətdir. İkincisi, bu, yolverilməzdir, mənəvi nöqteyi-nəzərdən də yolverilməzdir. Bu gün cəmiyyətdə bütövlükdə bu məsələlərlə bağlı fikir ayrılığı yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti