Bakı. Trend:
Azərbaycanla İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlaqədar İspaniyanın “La Razon” qəzetində “İspaniya ilə Azərbaycan arasında gümüş alyans” adlı məqalə dərc olunub.
Məqalədə deyilir:
"Bu gün Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd edilir. 2005-ci ildə Madrid şəhərində Azərbaycan Respublikası Səfirliyinin açılması ilə bu əlaqələrin inkişafına təkan verilmişdir. Azərbaycanın müstəqil bir dövlət kimi öz suverenliyini bərpa etməsi ilə yadda qalan bu dörddə bir əsrdə hər iki ölkə arasında möhkəm diplomatik əlaqələr qurulub. Hər il ölkələr arası mədəni anlaşmanı təşviq etməkdən savayı, həmçinin siyasi, iqtisadi və beynəlxalq əməkdaşlığı gücləndirən qarşılıqlı səfərlər həyata keçirilir. Azərbaycanla İspaniya hər sahədə bir çox ortaq nöqtələri paylaşır. İldən ilə turizm sahəsində qarşılıqlı maraq artır: mədəniyyətlərin və dinlərin qovşağı olan, həmçinin Cənubi Qafqaz regionunda böyük həcmli lojistik və iqtisadi layihələrin təməlini qoyan Azərbaycan ispan turistlərində böyük maraq doğurur.
Son illər diplomatik əlaqələrin keyfiyyətli inkişafı nəzərə çarpır. 2014-cü ildən Azərbaycan Respublikasında İspaniya Krallığının nümayəndəliyi fəaliyyət göstərir. Müxtəlif sahələrdə əlaqələrin intensivləşməsi mədəniyyət, təhsil, elm kimi bir çox sahələrdə Sazişlərin imzalanmasına təkan verib. 2011-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İspaniyaya rəsmi səfəri zamanı diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında Saziş imzalanmışdır. 2014-cü ildə İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqayonun Azərbaycana rəsmi səfəri zamanı gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergilərdən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanmış, bu isə öz növbəsində iqtisadiyyat və investisiyalar sahəsindəki əlaqələrin genişlənməsinə təkan vermişdir.
Beynəlxalq terrora qarşı mübarizədə müttəfiq olan hər iki ölkə, sülhün təşviqi üçün möhkəm sadiqliyini və bağlılıqlarını nümayiş etdirirlər: həm İspaniya həm də Azərbaycan Mədəniyyətlərlərarası Dialoq Forumunun və BMT-nin Sivilizasiyalar Alyansı Qlobal Forumunun qərargahıdır. Bu baxımdan təşəbbüskarı İspaniya olan və 2016-cı ildə Bakıda keçirilən Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu buna bariz nümunə göstərmək olar. Sözügedən Forumda iştirak edən İspaniyanın keçmiş xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qaria-Marqayo həmçinin Forum çərçivəsində təşkil edilmiş Azərbaycan-İspaniya Biznes Forumuna həmsədrlik etmişdir. İspaniya Hökuməti Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən Beynəlxalq Hüququn prinsip və normalarına, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq münaqişənin tezliklə siyasi yolla həllinə çağırır.
İspaniya Azərbaycanın Avropa İttifaqına yaxınlaşması üçün davamlı səylərini göstərir. Bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sahəsində mövqelərin yaxınlaşmasına böyük önəm verilir. Məhz bu səbəbdən Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycana səfər etmişdir. Dörddə bir əsrdə qət edilmiş yol göstərir ki, hər iki ölkə qarşılıqlı faydalar üçün əlaqələrin möhkəmləndirilməsinə əsas olan ortaq dəyərləri paylaşırlar".