Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 16-da İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı hüquq mühafizə sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə bu sahədə müxtəlif məsələlərlə bağlı aparacaqları danışıqların və fikir mübadiləsinin əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə etdi. Ölkələrimiz arasında son vaxtlar müxtəlif səviyyələrdə keçirilən çoxsaylı təmaslara toxunan dövlətimizin başçısı prezidentlər səviyyəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd etdi. Qarşılıqlı səfərlərin təşkilinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə bu səfərinin ədliyyə sahəsində əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Təxminən 23 il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədi ötən dövr ərzində ölkəmizdə gedən böyük dəyişikliklərin onda dərin təəssürat yaratdığını dedi. Azərbaycanda gedən bu inkişafın bünövrəsinin xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Mustafa Purməhəmmədi Ulu Öndərin xatirəsini böyük ehtiramla yad edərək bildirdi ki, dahi dövlət xadimi Heydər Əliyev Azərbaycan-İran əlaqələrinin genişləndirilməsi işinə də böyük önəm verib.