Bakı. Elçin Mehdiyev – Trend:
“Cənab Prezident İlham Əliyevin Münxenə səfəri çox uğurlu səfərlərdən biridir”.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, səfər çərçivəsində müxtəlif görüşlər, Azərbaycanla münasibət yaratmaq istəyən ölkələrin başçıları ilə, ayrı-ayrı siyasətçilərlə, şirkət rəhbərləri ilə çox ətraflı və faydalı görüşlər keçirildi:
“Artıq Azərbaycana böyük maraq göstərilir, Azərbaycanla əməkdaşlıq qurmaq istəyən ölkələrin sayı gündən-günə artır. Buna səbəb həm Azərbaycanın təbii sərvətlərinin, həm ölkədəki ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın, həm də hər bir dövlətin investisiya qoyması üçün zəruri olan qanunların və şəraitin olmasıdır”.
Millət vəkili bildirib ki, həm ikitərəfli görüşlərdə, həm çoxtərəfli görüşlərdə, həm də öz çıxışlarında cənab Prezident həmişə olduğu kimi Azərbaycanın maraqlarını çox yüksək səviyyədə müdafiə etdi: “Eyni zamanda cənab Prezident Ermənistanın işğalçı dövlət olması, separatçılığı hələ də davam etdirməsi məsələsini bir daha gündəmə gətirdi”.
S.Novruzov deyib ki, Ermənistan isə münaqişəni yenidən qızışdırmağa çalışır, işğal edilmiş Azərbaycan ərazilərində qondarma “referendum” keçirməyə çalışır:
“Təbii ki, bu bir şoudur. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və biz öz torpaqlarımızın bir qarışını da heç kimə verməyəcəyik. Bunu cənab Prezident də Münxendə öz çıxışında qeyd etdi. “Referendum” tam qeyri-qanunidir. Bununla bağlı BMT, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən də yəqin ki, bəyanatlar olacaq və bəziləri də artıq bəyanatlar verir ki, bu cür “referendum” münaqişənin yenidən alovlandırılmasına xidmət edir”.