...

İslamabad Strateji Araşdırmalar İnstitutunda "Soyqırım və etnik təmizləmə: Xocalı-25" seminarı keçirilib (FOTO)

Siyasət Materials 22 Fevral 2017 14:17 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə Pakistan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən İslamabad Strateji Araşdırmalar İnstitutunda Xocalı soyqrımının 25-ci ildönümü ilə əlaqədar “Soyqırım və etnik təmizləmə: Xocalı-25” adlı seminar keçirilib.

Səfirikdən Trend-ə verilən məlumata görə, seminarda Pakistan Senatının Müdafiə Komitəsinin sədri, senator Müşahid Hüseyn, İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, səfir Xalid Mahmud, Pakistan Milli Assambleyasının deputatı, Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun məsul şəxsi Şaza Fatimə Xavaca, Milli Müdafiə Universitetinin beynəlxalq əlaqələr idarəsinin sabiq direktoru, ekspert Məhəmməd Xan, yüksək rütbəli diplomatlar, media mənsubları, tədqiqatçılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru Xalid Mahmud Ermənistanın Xocalıda törətdiyi soyqırımın Azərbaycanın müasir tarixinin faciəli və qanlı səhifələrindən biri olduğunu bildirib. Direktor 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarını dərhal tərk etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbulunda Pakistanın aparıcı rol oynadığını, sonrakı dövrlərdə də Azərbaycanı tam dəstəklədiyini diqqətə çatdırıb.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə çıxışında erməni şovinistlərinin son 200 il ərzində azərbaycanlılara və ümumilikdə türklərə qarşı etnik təmizləmə və işğalçılıq siyasəti həyata keçirdiyini, təkcə 20-ci əsrdə, 1905-1907, 1915-20, 1948-1953 və 1988-1993 cu illərdə azərbaycanlıların öz doğma yurdlarından didərgin salındığını, ermənilərin tək Azərbaycanda deyil, böyük Ermənistan dövlətinin yaradılması xülyaları ilə Türkiyə, İran və bir sıra digər ölkələrdə qətliamlar törətdiyini vurğulayıb. Bununla kifayətlənməyən işğalçı ölkənin 1988-ci ildə yenidən Azərbaycana qarşı ərazi iddiaları qaldırdığını, 20 faiz torpaqlarımızı işğal etdiyini, 1992-ci ildə Xocalıda azərbaycanlıların soyqırımını törətməklə isə bəşəriyyət əleyhinə cinayətə imza atdığını bildirib. Səfir Xocalını məhv etməkdə ermənilərin strateji əraziləri ələ keçirməklə yanaşı, həmçinin, dogər məqsədin qədim Azərbaycan tarixini əks etdirən müsəlman abidələrinin, sənət əsərlərinin yox etmək olduğunu vurğulamış və bu cür vəhşilikləri törədənlərin cəzalandırılmasının bütün dünya ölkəllərinin tələb etməsi gərəkdiyini qeyd edib. O, hər il Xocalı soyqırımını tanıyan ölkələrin sayının artdığını, soyqırımını ilk tanıyaraq bu məsələdə ən böyük dəstəyi verənlərdən olan dost və qardaş Pakistanın xalqına və dövlərinə təşəkkürlərini çatdırıb.

Pakistan Milli Assambleyasının deputatı, Azərbaycan-Pakistan Parlamentlərarası dostluq qrupunun məsul şəxsi Şaza Fatimə Xavaca nitqində Azərbaycan-Pakistan əlaqələrinin səmimi dostluq və əməkdaşlığa əsaslandığını, hər iki dövlətin demək olar ki bütün məsələlərdə bir-birini dəstəklədiyini, Ermənistanın hüquqa zidd işğalına Pakistanın qarşı çıxdığını, Ermənistanı bir dövlət olaraq tanımadığını qeyd edib. O, aparıcı dünya mediasından “BBC”, “Nyu York Tayms” və digər mənbələrdən sitatlar gətirərək bildirib ki, Xocalıda baş verənlər dəhşət doğurur, bu hadisədə hətta azərbaycanlı hamilə qadın və uşaqlar da yaxın məsafədən xüsusi qəddarlıqla qətlə yetiriliblər. O bildirib ki, Azərbaycan xalqı və dövləti çox yetkin mövqe nümayiş etdirərək bir tərəfdən hadisəni unutmur, digər tərəfdən də dünyadan Xocalıya ədalət tələb edir.

Milli Müdafiə Universitetinin beynəlxalq əlaqələr idarəsinin sabiq direktoru, ekspert Məhəmməd Xan vurğulayıb ki, Ermənistan ordusunun və keçmiş SSRİ-nin 366-cı alayının Xocalını hədəf seçməkdə motivlərindən biri də Xocalının strateji mövqeyi, Azərbaycan baxımından tarixi-mədəni və sosial əhəmiyyəti olub. Xocalının məhvi, əhalinin soyqırıma uğradılması təsadüfi olmamış, öncədən planlaşdırılmış işğalçılıq siyasətinin bir hissəsini təşkil edib. Tədbirin ali qonağı, Pakistan Senatının Müdafiə Komitəsinin sədri, senator Müşahid Hüseyn Azərbaycan-Pakistan münasibətlərinin ortaq dəyərlərə, eyni zamanda birgə maraqlara və qarşılıqlı əməkdaşlığa əsaslanan özünəməxsus xarakterə malik olduğunu diqqətə çatdırıb, Pakistanın Dağlıq Qarabağ məsələsində və Xocalı soyqırımının tanınmasında Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiyini ifadə edib. Azərbaycana səfərləri zamanı bu ölkənin inkişafının şahidi olduğunu və bundan qürur duyduğunu deyən M.Hüseyn bildirib ki, beynəlxalq aləmin məsələlərə ikili standartlarla yanaşmasına görə, Xocalı soyqırımının tanınması kimi hadisələrə tam ədalətli qiymət verilməyib. Həmçinin, Ermənistan işğalçılarının Azərbaycan torpaqlarını tərk etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də icra edilməyib. Natiq Azərbaycanın 1918-ci ildə İslam dünyasında ilk parlamenti təsis etdiyini, Azərbaycanın mühüm dövlətçilik ənənələrinə malik olduğunu qeyd edib, Azərbaycanı ilk tanıyan ölkələrdən biri olan Pakistan olduğunu çatdırıb, Kəşmir məsələsində Azərbaycanın da Pakistana dəstəyinin yüksək qiymətləndirildiyini bildirib.

Seminarda Xocalı Soyqırımına dair sənədli film də nümayiş etdirilmiş, seminarın keçirildiyi zalın foyesində qətliamın nəticələrini əks etdirən foto-stend, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər və digər əyani materiallar sərgilənmiş, iştirakçılar arasında yayılmış və paylanıb. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanmış və iştirakçılar üçün təşkil olunan çay süfrəsi ilə başa çatıb. Seminar kütləvi informasiya vasitələri tərəfindən də lentə alınmış və yerli mediada geniş işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti