...

Gənclər Fonduna 3 milyon manat ayrılıb

Siyasət Materials 19 Aprel 2017 18:13 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Gənclər Fonduna 3 milyon manat ayrılıb

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Yeniyetmə və gənclərin fəal vətəndaş kimi formalaşmasına, intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ölkəmizin beynəlxalq aləmdə tanıdılmasına yönəlmiş layihələrin reallaşmasına kömək göstərmək məqsədilə 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb.

Azərbaycanda ilk dəfə olaraq layihələrin elektron qəbulu sistemini tətbiq edən, gənclər təşkilatları ilə yanaşı, 16-29 yaşlı fiziki şəxsləri də dəstəkləyən Fond indiyədək 9 qrant müsabiqəsi keçirib, 3300-dən artıq layihə təklifini maliyyələşdirib. Həmin layihələrin üçdə biri gənclər təşkilatlarına, qalan hissəsi isə respublikamızın müxtəlif bölgələrində yaşayan, istedadı və ictimai fəallığı ilə seçilən fərdlərə məxsus olub. Reallaşdırılan layihələr ilk növbədə on minlərlə gəncin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxından iştirakını təmin etməyə yönəlib. Fond fəaliyyəti dövründə yüzlərlə Azərbaycan gəncinin müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etməsinə də şərait yaradıb. Bütün layihələrin icrasına 5 il ərzində 19 milyon manatadək vəsait ayrılıb.

Qrant müsabiqələrində şəffaflığın təmin olunması, monitorinq və hesabatlılıq sisteminin effektiv təşkili, maliyyələşdirilən layihələrin səmərəli icrası Fonda maraqlı təşəbbüslərlə müraciət edənlərin sayının ilbəil artmasına səbəb olub.

Sərəncamda qeyd olunur ki, gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin təqdim etdikləri layihələrin maliyyələşdirilməsi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti