...

Əli Əhmədov: Azərbaycan iqtisadiyyatının yeni strategiyasının nəticəsində insanların həyat şəraiti daha da yaxşılaşacaq

Siyasət Materials 1 May 2017 11:35 (UTC +04:00)
“Bəşəriyyət inkişafın kifayət qədər yüksək mərhələsinə çatmasına baxmayaraq, dünyada layiqli insan həyatını təmin etmək üçün ciddi problemlər var”.
Əli Əhmədov: Azərbaycan iqtisadiyyatının yeni strategiyasının nəticəsində insanların həyat şəraiti daha da yaxşılaşacaq

Bakı. Elçin Mehdiyev – Trend:

“Bəşəriyyət inkişafın kifayət qədər yüksək mərhələsinə çatmasına baxmayaraq, dünyada layiqli insan həyatını təmin etmək üçün ciddi problemlər var”.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Azərbaycan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zaman deyib.

Ə.Əhmədov bildirib ki, BMT-nin hesablamalarına əsasən, dünyada bir milyard insan normal qidalanmaqdan məhrumdur:

“İşsizlik dünyanın bəzi qitələrində ciddi problem yaradır, on milyonlarla insan işsizlikdən əziyyət çəkir və təbii ki, bu da onların normal qidalanmasına birbaşa təsir göstərir. Xəstəliklər ayrı-ayrı bölgələri ciddi narahat edən bir faktordur. Bəzi ölkələrdə insan ömrü 50-55 yaş arasındadır. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri proqramında bu problemlərin 2030-cu ilə qədər həll edilməsi nəzərdə tutulur”.

Baş nazirin müavini bildirib ki, qlobal problemlər, aclıq, işsizlik daha çox təbii sərvətləri zəngin olan ölkələrə aiddir:

“Afrika ölkələri və digər bu kimi ölkələr bu sərvətlərin onların inkişafına xidmət etməsindən məhrumdurlar. Bir milyarda qədər insan gündə bir dollarla yaşamağa məhkumdur. Ancaq Avropa İttifaqında minimum əmək haqqı saatda 8 avrodur. Görün, nə qədər böyük fərq var. Bu, insanların fəaliyyətinin nəticəsi olaraq yaranmış fərqlərdir. BMT-nin hazırladığı bu proqram bütün dünya ölkələri üçün nəzərdə tutulur. Ancaq ayrı-ayrı ölkələr qarşısında duran məqsədlər fərqlidir. Yəni inkişaf etməmiş, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin qarşısında duran məqsədlər fərqlidir”.

Ə.Əhmədov bildirib ki, Azərbaycanın bu proqrama qoşulmasında məqsəd ölkə əhalisinin həyat şəraitinin daha da yaxşılaşdırılmasıdır:

“Azərbaycan iqtisadiyyatı son illər ciddi şəkildə inkişaf edib. Son 12 il ərzində Azərbaycan iqtisadiyyatının 3,5 dəfə artması möhtəşəm bir göstəricidir. Bu illər ərzində çoxlu sayda yeni məktəblər, səhiyyə ocaqları tikilib və mövcud məktəblər və səhiyyə ocaqları yenidən qurularaq əhalinin istifadəsinə verilib. Azərbaycan əhalisinin həyat şəraitinin yaxşılaşdırılması üçün ciddi infrastruktur yaradılıb. Bu proqrama qoşulmaqda məqsədimiz insanlarımızın həyat şəraitini daha da yaxşılaşdırmaqdır. Azərbaycan iqtisadiyyatının yeni strategiyası müəyyənləşib və bunun nəticəsində insanların həyat şəraiti daha da yaxşılaşacaq. Bu məqsədlərin həyata keçirilməsində vətəndaş cəmiyyəti təşkilatları da böyük töhfə verə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti