...

Deputat: Antiazərbaycan qüvvələr Tbilisi-Bakı münasibətlərini korlaya bilməyəcək

Siyasət Materials 2 İyun 2017 17:01 (UTC +04:00)
Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması və onun məsuliyyətə cəlb olunması ətrafında siyasi şou yaradanların məqsədi rəsmi Tbilisi ilə Bakı arasında formalaşmış yaxşı siyasi və iqtisadi əlaqələrə, hərbi münasibətlərə zərbə endirməkdir.
Deputat: Antiazərbaycan qüvvələr Tbilisi-Bakı münasibətlərini korlaya bilməyəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Jurnalist kimi qələmə verilən Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması və onun məsuliyyətə cəlb olunması ətrafında siyasi şou yaradanların məqsədi rəsmi Tbilisi ilə Bakı arasında formalaşmış yaxşı siyasi və iqtisadi əlaqələrə, hərbi münasibətlərə zərbə endirməkdir.

Bunu Trend-ə Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, Ə.Muxtarlını jurnalist kimi qələmə verməyə çalışanlara sadəcə bir sual vermək lazımdır: “Bu adamın hər hansı araşdırma yazılarını, təhlillərini, regional və ya beynəlxalq geosiyasətə dair materiallarını xatırlayırlarmı?”

Deputat qeyd edib ki, antiazərbaycan qüvvələrin ətrafında əsassız hay-küy qaldırmaq istədikləri növbəti şəxs Ə.Muxtarlıdır: “Antiazərbaycan qüvvələr Gürcüstanın müxtəlif hakimiyyət orqanları qarşısında aksiya keçirirlər. Sistemli iş aparmaq, məsələyə Gürcüstanın siyasi dairələrini cəlb etməyə çalışmaq və ayrı-ayrı parlament təmsilçilərindən reaksiyalar almaqla Azərbaycana təzyiq etməyə cəhd edirlər. Bunların bir məqsədi də Tbilisi ilə Bakı arasında formalaşmış yaxşı siyasi və iqtisadi əlaqələrə, hərbi münasibətlərə zərbə endirməkdir. Təbii ki, Gürcüstanla Azərbaycan arasındakı yüksək səviyyəli əməkdaşlığı, xüsusilə də hərbi təlimləri həzm edə bilməyən bu dairələr narahatdır”.

Z.Oruc vurğulayıb ki, erməni lobbisinin Gürücüstanda xüsusi qrupları var, onlar regional şəraiti izləyir və Gürcüstanla Azərbaycan arasında yaxşı münasibətləri həzm edə bilmirlər: “Gürcüstan və Azərbaycan arasında münasibətlərin soyuması bölgədə bir sıra dövlətlərin xeyrinə işləyərdi. Bu, Qərblə münasibətlərin pozulması, transmilli layihələrin üzərindən xətt çəkilməsi demək olardı".

Millət vəkili əlavə edib ki, Ə.Muxtarlı Gürcüstan-Azərbaycan münasibətlərini pozacaq qədər mühüm şəxs deyil: "Bir sıra şəxslər var ki, müxtəlif dairələrin əli altında casus kimi fəaliyyət göstərirlər. Onların demokratiya və insan haqları məsələlərinə heç bir aidiyyəti yoxdur. Guya korrupsiyaya qarşı və yaxud ədalət uğrunda mübarizə apardıqlarını deyənlərin özləri siyasi dələduzluqla məşğuldurlar. Gürcüstan hakimiyyəti də bu məsələləri yaxşı anlayır və belə təxribatlara əhəmiyyət vermir. Gürcüstan hakimiyyətinin reaksiyaları da sübut edir ki, kimlərsə küçə təzyiqləri vasitəsilə dövlət rəsmilərinin rəyini dəyişdirməyə nail olmayacaqlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti