...

Deputat: Gürcüstan hökuməti də yaxşı bilir ki, Əfqan Muxtarlı məsələsi qəsdən ortaya atılıb

Siyasət Materials 6 İyun 2017 14:27 (UTC +04:00)
Qanunsuz olaraq Gürcüstandan Azərbaycana keçən Əfqan Muxtarlının həbsini siyasiləşdirərək Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışanlar heç nəyə nail ola bilməyəcəklər.
Deputat: Gürcüstan hökuməti də yaxşı bilir ki, Əfqan Muxtarlı məsələsi qəsdən ortaya atılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Qanunsuz olaraq Gürcüstandan Azərbaycana keçən Əfqan Muxtarlının həbsini siyasiləşdirərək Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışanlar heç nəyə nail ola bilməyəcəklər. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bəzi beynəlxalq qurumlar Gürcüstanı özlərinə sərbəst meydan hesab edərək dəfələrlə orada Azərbaycandan olan müəyyən qüvvələri özlərinə cəlb edib, tamahlandırıb ölkəmizə qarşı istifadə etməyə çalışıblar: “İndi də təxminən elə bir cəhd etmək istəyiblər. Bilirsiniz ki, Gürcüstanda güclü erməni təşkilatları var, hakimiyyətdə, müxalifətdə, mediada təmsil olunan erməni birlikləri mövcuddur. Onlar hətta keçən əsrin əvvəllərində soy adlarını dəyişib gürcüləşmiş, ancaq erməniliyini saxlayan hiyləgər erməni siyasətçiləridir. Onlar heç vaxt sakit durmurlar, həmişə Gürcüstanda Azərbaycan əleyhinə təbliğatlar aparırlar, Azərbaycana qarşı müxtəlif adamlardan istifadə edirlər. Əfqan Muxtarlı ilə bağlı məsələ də Azərbaycanla Gürcüstan arasındakı sıx əlaqələri korlamağa hesablanmış bir addımdır”.

Deputat hesab edir ki, bu cəhdlər əvvəl olduğu kimi heç bir nəticə verməyəcək: “Gürcüstanla Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir və tarixi köklərə söykənir. Bu gün iki ölkə bir-biri ilə strateji tərəfdaşdır və iri enerji, nəqliyyat və digər layihələrin həyata keçirilməsində birgə iştirak edirlər və bir çox sahələrdə səmərəli əməkdaşlıq edirlər. Gürcüstan hökuməti də yaxşı bilir ki, Əfqan Muxtarlı məsələsi qəsdən ortaya atılıb. Gürcüstan heç vaxt imkan verməz ki, hansısa qüvvələr iki ölkə arasındakı tarixi əlaqələri poza bilsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti