...

Azərbaycan və Çexiya - əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar (MÜSAHİBƏ)

Siyasət Materials 1 Avqust 2017 08:07 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan şirkətlərini Çexiyanın neft-kimya sənayesinə, enerji və təbii ehtiyatlarına investisiyalar maraqlandıra bilər.

Bunu Trend-ə eksklüziv müsahibəsində Çexiyanın sənaye və ticarət naziri Yirji Havliçek deyib.

Nazirin sözlərinə görə, bu sahələrdə yalnız bir neçə layihə icra edilib, azərbaycanlı investorlar isə Çexiyada bu günədək əsasən daşınmaz əmlak və hotel biznesi sahələrinə investisiyalar qoyub.

Y.Havliçek qeyd edib ki, son on il ərzində Çexiya bankları Azərbaycanda iri layihələrin həyata keçirilməsi üçün şirkətlərə 1,8 milyard avro ayırıb.

Nazir onu da vurğulayıb ki, Çexiya Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə təbii qaz mənbələrinin və tədarük marşrutlarının diversifikasiyasını dəstəkləyir: “Çexiya Azərbaycan qazının Avropaya birbaşa tədarükünü alqışlayır. Çexiya tərəfi “Cənub qaz dəhlizi” layihəsinin, xüsusilə də Transadriatik (TAP) və Transanadolu (TANAP) boru kəmərləri layihələrinin tərəfdarıdır”.

Y.Havliçekin sözlərinə görə, Azərbaycan neft tədarükü məsələsində Çexiyanın strateji tərəfdaşıdır.

Nazir qeyd edib ki, Çexiya üçün Azərbaycan Rusiyadan sonra ikinci iri neft tədarükçüsüdür. “Azərbaycan Çexiyanın neftə olan tələbatının üçdə bir hissəsini ödəyir”.

Y.Havliçek Çexiya ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyətinin müsbət olduğunu vurğulayıb: “Qarşılıqlı ticarətin həcmi 1993-cü ildə qeydə alınan 6 milyon avrodan 2016-cı ildə 532,7 milyon avroyadək yüksələrək 90 dəfə artıb. Bu göstəricilərə əsaslanaraq demək olar ki. Azərbaycan Cənubi Qafqazda Çexiyanın ən vacib ticarət tərəfdaşıdır”.

Nazir onu da qeyd edib ki, Çexiya məhsulların Azərbaycandan keçməklə daşınmasının tərəfdarıdır.

Onun sözlərinə görə, Çexiya şirkətləri Avropa İttifaqından Şərqə malların daşınması üçün Azərbaycan ərazisindən keçən beynəlxalq marşrutlardan istifadə edə bilər: “Hazırda bu istiqamətdə danışıqlar aparılır və Çexiya Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı-Tbilisi-Qars dəmir yolunun, həmçinin “Şimal-Cənub” nəqliyyat dəhlizinin tikintisi proseslərini diqqətlə izləyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti