...

Azərbaycan və Çin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

Siyasət Materials 11 Avqust 2017 22:30 (UTC +04:00)
Azərbaycan və Çin xarici işlər nazirinin müavinləri Xələf Xələfov və Li Huilai siyasi məsləhətləşmələr çərçivəsində ikitərəfli münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər
Azərbaycan və Çin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

Bakı. Trend:

Azərbaycan və Çin xarici işlər nazirinin müavinləri Xələf Xələfov və Li Huilai siyasi məsləhətləşmələr çərçivəsində ikitərəfli münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər, regional və qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi apaıblar.

XİN-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xələf Xələfov Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin hazırda bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyini bildirərək, Çin ilə münasibətlərin Azərbaycan üçün prioritet istiqamət olduğunu qeyd etdi.

Hər iki ölkənin rəhbərləri tərəfindən əsası qoyulmuş siyasi dialoqun yüksək səviyyəli və intensiv xarakterli qarşılıqlı səfərlərlə daha da möhkəmləndirildiyini bildirən X.Xələfov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfərini xatırladaraq, səfər çərçivəsində imzalanmış çoxsaylı sənədlərin və əldə olunmuş razılaşmaların ikitərəfli münasibətlərin hazırkı səviyyəyə yüksəldilməsinə əsaslı təkan verdiyini vurğuladı.

Azərbaycanın Çinlə əməkdaşlığın bütün sahələrində, xüsusilə uzunmüddətli iqtisadi münasibətlər qurmaqda maraqlı olduğunu qeyd edərək, Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı, həmçinin, Azərbaycan şirkətlərinin Çinin iqtisadi subyektləri ilə ticari-iqtisadi əlaqələrin inkişafının təqdirəlayiq hal olduğunu bildirdi. X.Xələfov iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşməsində Hökumətlərarası İqtisadi Komissiyasının fəaliyyətini xüsusilə qeyd etdi.

X.Xələfov Azərbaycanda qeyri-neft sektorunun inkişafı məqsədilə həyata keçirilən köklü islahatlar barədə danışaraq, energetika, sənaye, nəqliyyat, kommunikasiya, informasiya texnologiyaları, turizm, ticari əlaqələrin genişləndirilməsi və şaxələndirilməsi sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirdi.

Qlobal xarakterli irimiqyaslı enerji və nəqliyyat layihələrini həyata keçirərək və bu layihələrin reallaşdırılmasında etibarlı tərəfdaş kimi çıxış edərək Azərbaycanın Çinin irəli sürdüyü “Bir kəmər-bir yol” təşəbbüsünü dəstəklədiyini qeyd etdi.

Nazir müavini Azərbaycanın müstəqilliyinin bərpasının ilk günlərindən Çin hökumətinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti və dəyişməz dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayaraq, Azərbaycanın “Vahid Çin” prinsipini siyasi münasibətlərin qurulmasının ilk anlarından etibarən birmənalı və ardıcıl olaraq dəstəklədiyini diqqətə çatdırdı. O, müstəqillik, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmətin ən yüksək səviyyədə imzalanmış sənədlərdə də öz əksini tapdığını və siyasi planda ölkələrimiz arasında heç bir fikir ayrılığının mövcud olmadığını əlavə etdi. X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə verdiyi qəti dəstəyə görə Çin tərəfinə təşəkkür etdi.

Azərbaycanı Çinin ənənəvi tərəfdaş və dostu adlandıran Li Huilai iki ölkə arasında münasibətlərin qurulmasında Ümumilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etdi və bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsindən məmnunluğunu bildirdi. O, Azərbaycan-Çin münasibətlərinin təməlini qoymuş Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanla yanaşı, Çin xalqı arasında da böyük rəğbət və ehtiramla anıldığını əlavə etdi.

Li Huilai “Vahid Çin” prinsipinin Azərbaycan tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini bildirdi və Çin hökumətinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, eləcə də Azərbaycan hökumətinin sabitliyin təmin edilməsində həyata keçirdiyi siyasəti dəstəklədiyini bir daha bəyan etdi. Li Huilai xüsusilə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə qəbul etdiyi məlum qətnamələrin yerinə yetirilməsinin dəstəklənməsinə dair Çinin mövqeyinin aydın və dəyişməz olduğunu diqqətə çatdırdı. Həmçinin, Cənubi Qafqaz regionunda sülh və sabitliyin qorunub-saxlanılmasında Çinin konstruktiv rol oynamağa hazır olduğunu əlavə etdi. O cümlədən, son hadisələr nəticəsində cəbhə xəttində həlak olanlar ilə əlaqədar başsağlığı verdi.

Asiya və Avropa arasındakı nəqliyyat qövşağında yerləşən Azərbaycanın “Bir kəmər-bir yol” layihəsi çərçivəsində əsas bağlayıcı rolunu vurğulayan qonaq, regionda Ölkəmizin iştirakı ilə həyata keçirilən bir çox əhəmiyyətli layihələrin inkişafının məmnunluqla qarşılandığını ifadə etdi.

Ölkəsi üçün Azərbaycanın Avrasiya regionunda əsas tərəfdaşlardan biri olduğunu bildirən Li Huilai müasir İpək Yolunun inkişaf etdirilməsində Çinin Azərbaycan tərəfi ilə birgə fəaliyyətə hazır olduğunu qeyd etdi.

Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin daha da artırılması üçün böyük potensialın mövcudluğunu qeyd edən çinli diplomat Azərbaycan məhsullarının Çinə ixracının təşviq olunmasının vacibliyini bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti