...

Prezident İlham Əliyev: "Qarabağ"ın qələbəsi həm də Azərbaycan dövlətinin qələbəsidir

Siyasət Materials 24 Avqust 2017 18:13 (UTC +04:00)
"Qarabağ"ın qələbəsi həm də Azərbaycan dövlətinin qələbəsidir.
Prezident İlham Əliyev: "Qarabağ"ın qələbəsi həm də Azərbaycan dövlətinin qələbəsidir

Bakı. Trend:

"Qarabağ"ın qələbəsi həm də Azərbaycan dövlətinin qələbəsidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də “Qarabağ” futbol klubunun heyəti ilə görüşündə deyib.

İlham Əliyev vurğulayıb ki, bu tarixi qələbə eyni zamanda ona görə önəmlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan “Qarabağ” komandası qazanıb:

“Qarabağ” komandası Qarabağ adını daşıyır. “Qarabağ” komandası işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə də sizin qələbənizin çox böyük əhəmiyyəti, mənası var. Bu, sadəcə olaraq idman qələbəsi deyil. Bu, dövlətimizin qələbəsidir. Azərbaycan gəncliyinin, vətənpərvər insanların qələbəsidir. Biz döyüş meydanlarında da, idman meydanlarında da qələbələr qazanırıq. Necə ki, keçən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri qəhrəmanlıq, şücaət göstərərək torpaqlarımızın bir hissəsini işğaldan azad etdilər. O torpaqlarda indi həyat qaynayır, vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayıdıblar, indi orada yaşayır, qurur, yaradırlar. O torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır.

Siz də dünən Azərbaycan bayrağını futbol sahəsində yüksəklərə qaldırmısınız. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı və xaricdə yaşayan milyonlarla azərbaycanlı sizin qələbənizə ürəkdən sevinirdi, fəxr edirdi ki, Azərbaycan komandası, xüsusilə Qarabağ adını daşıyan komanda bu gün dünyanın, Avropanın ən güclü komandaları arasında yer tutub".

Prezident bildirib ki, bu qələbə eyni zamanda Azərbaycanda futbolun inkişafının təzahürüdür: "Mən çox şadam ki, dünyanın ən populyar idman növü olan futbol Azərbaycanda inkişaf edir. Biz bu inkişafı çoxdan gözləyirdik. Futbolçularımızın qələbələrini səbirsizliklə gözləyirdik. Və hesab edirəm ki, bu gün bunun şahidiyik. Çünki həm klublar, həm də milli yığma komandamız yaxşı nəticələr göstərir, ləyaqətli oyun göstərir, əzmkarlıq, iradə, vətənpərvərlik göstərir.

Ona görə mən hesab edirəm ki, ölkəmizin futbolu gələcəkdə daha da sürətlə inkişaf edəcək, həm klublar, həm də yığma komandamız ölkəmizi ləyaqətlə təmsil edəcək. Əlbəttə ki, bu qələbə ölkəmizdə son illər ərzində idman sahəsində görülən işlərin nəticəsidir. Çünki idman Azərbaycanda dövlət siyasətidir, bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. İstər Avropa, istər dünya çempionatlarında, istərsə də Olimpiya Oyunlarında idmançılarımız yüksək nəticələr göstərirlər. Bakıda 2015-ci ildə və bu il keçirilmiş Avropa və İslam oyunları bir daha Azərbaycan idmançılarının gücünü göstərdi. Komanda hesabında Avropa Oyunlarında 2-ci, İslam Həmrəyliyi Oyunlarında isə 1-ci yerə layiq görüldük. Bu, tarixi qələbədir. Eyni zamanda, ötən il Rio Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 18 medal qazanmış, medalların sayına görə dünya miqyasında 14-cü yeri tutmuşlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti