Bakı İlhamə İsabalayeva - Trend:
"Dağlıq Qarabağa səfər edən bir qrup Türkiyə vətəndaşlarının tutularaq istintaqa cəlb olunmasi məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib. İnanıram ki, yaxın vaxtlarda bu məsələ öz hüquqi həllini tapacaq".
Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib
Onun sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan etmişdir ki, kimliyindən, hansı ölkənin vətəndaşları olmasından asılı olmayaraq, Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə, Azərbaycanın dövlət sərhədini qanunsuz keçənlərə qarşı qanunun tələbi ilə cinayət işi başlanacaq və cinayət təqibi həyata keçiriləcəkdir:
"Sentyabrın 22-də Türkiyə vətəndaşı olan bir qrup şəxsin "Qərbi Ermənistan Konqresi" adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa səfər etməklə hüquq pozuntusu, konkret olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişlər. Cinayətkarın milliyəti olmur və o, törətdiyi cinayətə görə cəzasını çəkməlidir. Artıq həmin şəxslər Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib".
Türkiyə və Azərbaycanın hüquqi dövlət olduğunu və qanunun aliliyinə hörmətlə yanaşdıqlarını deyən A. Səfixanlı qeyd edib ki, Azərbaycanının dövlət sərhədini qanunsuz olaraq keçərək Dağlıq Qarabağa səfər etmiş həmin şəxslərin orada antiAzərbaycan və antiTürkiyə xarakterli, ermənipərəst fikirlər səsləndirməsinin kökündə hansı məqsədlərin dayanması da sual doğurur.
Aparat rəhbəri onu da vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu günə qədər Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr bütün istiqamətlərdə davamlı olaraq inkişaf etməkdə və möhkəmlənməkdədir:
"Bu gün bu münasibətlər strateji əməkdaşlıq səviyyəsindən daha da irəli gederək müttəfiqlik səviyyəsinə qalxmışdır. Türkiyə bütün dövrlərdə Azərbaycanın haqq işini dəstəkləyir, müxtəlif formalarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün böyük səylər göstərir. Azərbaycan da öz növbəsində istər beynəlxalq, istərsə də regional səviyyədə daim Türkiyənin maraqlarını müdafiə edir, qardaş ölkəni dəstəkləyir. Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Bu baxımdan Türkiyənin Azərbaycan, Azərbaycanın isə Türkiyə üçün nə dərəcədə önəm daşıdığını sübut etməyə ehtiyac görmürəm".