...

Azərbaycan Prezidenti: Əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər sərhədlərimizdən keçməsin

Siyasət Materials 18 Oktyabr 2017 20:45 (UTC +04:00)
Əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər sərhədlərimizdən keçməsin.
Azərbaycan Prezidenti: Əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər sərhədlərimizdən keçməsin

Bakı. Trend:

Əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər sərhədlərimizdən keçməsin.

Trend-in məlumatına görə, bunu oktyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçıları ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Xoş gəlmisiniz. Sizi Azərbaycanda salamlamağa məmnunam. Şadam ki, MDB ölkələrinin sərhəd xidmətləri rəhbərlərinin iclası bizim ölkəmizdə keçirilir. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi birinci dəfə deyil. Biz sizinlə görüşmüşük, ola bilsin ki, tamamilə indiki tərkibdə olmayıb, amma sizin çoxunuz artıq bizim ölkəmizdə olub. Bu, çox yaxşı tədbirdir. Bu, təkcə sərhəd xidmətlərinin rəhbərləri arasında deyil, həm də ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirir.

Bu yaxınlarda Soçidə MDB-nin növbəti sammiti keçirildi. Azərbaycan həmin tədbirdə fəal iştirak etdi. Ümumiyyətlə, biz MDB məkanında bir çox mühüm işlərdə fəal iştirak edirik. Əlbəttə, təhlükəsizliyin, sərhədlərin qorunmasının möhkəmləndirilməsi bizim bütün ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizin və xalqlarımızın təhlükəsizliyinin əsasıdır. Bizim vətəndaşların normal, rahat həyatı da çox cəhətdən sizin rəhbərlik etdiyiniz xidmətlərin uğurlu fəaliyyətindən asılıdır. Buna görə də heç şübhəsiz, bizim ölkələrimizin rahat, normal, sabit inkişafı da sizin aranızda əməkdaşlıqdan, informasiya mübadiləsindən, qarşılıqlı fəaliyyətdən asılıdır".

İlham Əliyev bildirib ki, Azərbaycanda sərhəd xidmətinin infrastrukturunun, bütövlükdə sərhəd xidmətinin inkişafına çox böyük diqqət yetirilir: "Son illərdə sərhədlərin möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı sahəsində çox iş görülüb. Hesab edirəm ki, bu sahə təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm sahələrdən biridir.

Təəssüf ki, bizim ölkələrimizin yerləşdiyi regionlarda, bütövlükdə dünyada risklər artır. Buna görə, əlbəttə ki, səylərin əlaqələndirilməsi, informasiya mübadiləsi və təhlükəli hallara qarşı birgə mübarizə bizim təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda vəziyyət sabitdir, ölkə uğurla inkişaf edir, daxili risklər və potensial təhlükələr yoxdur. Buna görə, əlbəttə, biz əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər bizim sərhədlərdən keçməsin. Biz bunu, əlbəttə, öz qonşularımızla, MDB ölkələri ilə əlaqələndirilmiş şəkildə təmin edirik. Əlbəttə ki, beynəlxalq terrorizmə qarşı mübarizə məsələləri bugünkü gündəlikdə başlıca yer tutur".

Prezident əlavə edib ki, bu gün praktiki olaraq bütün beynəlxalq sammitlərdə ekstremizmə, mütəşəkkil cinayətkarlığa, narkotrafikə qarşı mübarizə ən aktual mövzulardır: "Təbii ki, bizim ölkələrimiz bütün bu müasir təhdidlərə və təhlükələrə adekvat şəkildə cavab verməlidir. Mən şadam ki, bütövlükdə MDB məkanında vəziyyət kifayət qədər sabitdir. Xüsusilə bugünkü dünyada bir sıra regionlarda çox həyəcanlı proseslər - sabitliyin pozulması, daxili münaqişələr, müharibələr, qanlı toqquşmalar getdiyi vaxtda biz əlbəttə ki, öz ölkələrimizin təhlükəsizliyini möhkəmləndirməliyik və ölkələrimiz arasında, o cümlədən sizin başçılıq etdiyiniz sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verməliyik.

Mən əminəm ki, Komandanlar Şurasının iclası yüksək səviyyədə keçiriləcək və müzakirə olunacaq məsələlər ölkələrimizin təhlükəsizliyinin daha da möhkəmlənməsinə, sərhədlərin qorunmasının möhkəmlənməsinə gətirib çıxaracaq. Hamımız sərhədlərimizin bizə ziyan vurmaq istəyənlərdən etibarlı müdafiə olunmasında, eyni zamanda, dostlarımız, turistlər, iş adamları, ölkələrimizlə tanış olmağa gələnlər üçün açıq olmasında maraqlıyıq. Belə bir tarazlığı tapmaq asan deyil. Biz Azərbaycanda buna cəhd edirik və bizim bir çox ölkələrlə həyata keçirdiyimiz viza rejiminin liberallaşdırılması və bir çox ölkələrdən əcnəbi vətəndaşların Azərbaycana kifayət qədər sərbəst gələ bilməsi, əlbəttə ki, bu il 20 faizdən çox, ötən il isə hətta 25 faiz artan turizmin hiss olunacaq dərəcədə inkişafına gətirib çıxarıb. Bununla yanaşı, eyni zamanda, təhlükəsizliyin etibarlı təminatı göstərir ki, tənasüb tapıla bilər. Biz də buna cəhd edirik. Sözsüz ki, qonşularla, MDB-yə üzv ölkələrlə, bizim çoxdankı dostlarımızla iş əlaqələndirilmədən buna hansısa ölkədə nail olmaq çətin olacaq. Buna görə də biz məhz bu sahədə MDB çərçivəsində əməkdaşlığa çox böyük önəm veririk. Düşünürəm ki, sizin həm bu gün, həm də sabah görüşləriniz olacaq, bizim sərhəd xidmətinin rəhbərliyi sizi görülən işlər barədə məlumatlandıracaq və siz fikir və təcrübə mübadiləsi aparacaqsınız. Bir daha sizi salamlayıram və sizə uğurlu iş arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti