...

Deputat: Azərbaycan üçün önəmli olan üçtərəfli görüşdə Qarabağ probleminin yekun bəyannamədə əksini tapması idi

Siyasət Materials 2 Noyabr 2017 14:49 (UTC +04:00)
Azərbaycan üçün ən önəmli məsələlərdən biri Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə Qarabağ probleminin həlli ilə bağlı fikir mübadiləsinin aparılması və ən əsası isə bu məsələnin yekun bəyannamədə öz əksini tapması idi.
Deputat: Azərbaycan üçün önəmli olan üçtərəfli görüşdə Qarabağ probleminin yekun bəyannamədə əksini tapması idi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan üçün ən önəmli məsələlərdən biri Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə Qarabağ probleminin həlli ilə bağlı fikir mübadiləsinin aparılması və ən əsası isə bu məsələnin yekun bəyannamədə öz əksini tapması idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib: "Bəyannamədə deyilir ki, Dağlıq Qarabağ probleminin həll edilməmiş qalması regional inteqrasiyaya maneədir. Bəyanatda problemin bu günə qədər beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar əsasında həll edilməsi də vurğulanır. Bu, olduqca əhəmiyyətli detaldır. BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi qətnamələrdə erməni işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur".

Deputat bildirib ki, bundan başqa, görüşdə çoxsaylı iqtisadi, nəqliyyat koomunikasiya, ticarət, terrorizmlə mübarizə, Xəzər dənizində narkotik malların daşınmasının qarşısının alınması, hər üç ölkənin enerji xətlərinin birləşdirilməsi və paralel fəaliyyəti kimi olduqca mühüm məsələlər müzakirə edildi ki, bütün bunlar tərəflərə böyük iqtisadi və siyasi dividentlər vəd edir: "Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü regionun gələcək inkişafı və təhlükəsizlik məsələlərinin təmin olunması baxımından mühüm əhəmiyyətli görüş idi. Diplomatiyada üçrərəfli format kimi qiymətləndirilən yeni format ideyası Azərbaycana məxsusdur və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatından sonra Azərbaycan-Rusiya-İran formatı ikinci belə əməkdaşlıq və tərəfdaşlıq formatdır. Bu format çərçivəsində İranda baş tutan zirvə görüşü də Bakı zirvəsindən sonra ikinci belə görüş idi. Tərəflərin razılığına əsasən, üçüncü belə görüş Rusiya Federasiyası prezidentinin təşəbbüsü ilə gələn il Rusiyada baş tutacaq".

H.Babaoğlu qeyd edib ki, tərəflər arasında belə görüşləri vacib edən çoxsaylı səbəblər var: "Birincisi, bu tipli görüşlərdə hər üç ölkənin milli maraqlarına uyğun olan məsələlərin müzakirə və eyni zamanda koordinasiya edilməsidir ki, bu, olduqca vacib məqamdır. İkincisi, hazırda beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb siyasi-iqtisadi proseslər regionumuza ciddi şəkildə təsir göstərir ki, belə təsirlərdən qorunmağın ən effektiv yolu birgə fəaliyyətdir. Qlobal təsirlərdən və təhdidlərdən bir ölkənin təkbaşına qorunması indiki şəraitdə olduqca çətindir. Üç ölkə prezidentlərinin görüşlərində qarşılıqlı inteqrasiya, yeni nəqliyyat dəhlizinin yaradılması, Xəzər ekvatoriyasında təhlukəsizlik, regionun enerji təhlükəsizliyi və s. məsələlərlə yanaşı, bütövlükdə regional təhlükəsizlik məsələləri də müzakirə predmeti oldu”.

Xatırladaq ki, prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin ilk üçtərəfli görüşü 2016-cı il avqustun 8-də Azərbaycanda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti