...

Səfir ordenlə təltif edilib (FOTO)

Siyasət Materials 17 Yanvar 2018 19:56 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin bu ölkənin Xarici İşlər və Ticarət Nazirliyində təltif edilmə mərasimi təşkil olunub.
Səfir ordenlə təltif edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin Macarıstan prezidentinin fərmanı ilə təltif edildiyi “Xidmətlərinə görə” ordeninin bu ölkənin Xarici İşlər və Ticarət nazirliyində təqdim olunma mərasimi təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə ilk olaraq açılış nitqi ilə çıxış edən XİN-in Dövlət katibinin müavini Jolt Çutora səfirin məhz Azərbaycanla Macarıstan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi sahəsində xidmətlərinə görə bu Ordenlə təltif olunduğunu bildirib. J.Çutora V.Quliyevlə tanışlığının 20 ilə yaxın tarixi olduğunu söyləyərək xatirələrini bölüşüb, Azərbaycanın ictimai-siyasi həyatında, dövlət idarəçiliyi sistemində xüsusi xidmətləri olmuş, elm və ədəbiyyat sahəsində öz sözünü demiş və yüksək insani keyfiyyətlərə malik belə bir diplomatla, alimlə münasibətlərinin dostluğa çevrilməsindən məmnunluğunu ifadə edib.

Sonra, XİN-in Mərkəzi Avropa və Şərq departamentinin direktoru Antal Heizer çıxış edərək, V.Quliyevin Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişaf etdirilməsindəki rolundan geniş bəhs edib və səfirin Macarıstan prezidenti tərəfindən belə yüksək ordenlə təltif edilməsinin bu xidmətlərin nəticəsi olduğunu diqqətə çatdırıb.

Departament direktorunun çıxışının ardınca Macarıstanın “Xidmətlərinə görə” ordeni səfirə təqdim olunub.

Daha sonra V.Quliyev çıxış edərək, ona göstərilən yüksək etimada görə Macarıstan prezidentinə, hökumətinə, o cümlədən Xarici İşlər və Ticarət Nazirliyinə öz minnətdarlığını ifadə edib.

İki ölkə arasında əlaqələrin mövcud durumu ilə bağlı fikirlərini bölüşən səfir son dövrlər münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ilin noyabr ayında Macarıstana və Macarıstanın Baş naziri Viktor Orbanın 2016-cı ilin mart ayında Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xüsusi təkan verdiyini qeyd edib.

Hazırda iki dövlət arasında yüksək etimada və siyasi dialoqa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayan səfir V.Quliyev əlaqələrin inkişaf etdirilməsində səfirliyin rolundan danışıb və bu istiqamətdə səylərin gələcəkdə daha da artırılacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti