...

Prezident İlham Əliyev: Azərbaycanda özəl sektorun dəstəklənməsi siyasəti davam edəcək

Siyasət Materials 23 Yanvar 2018 22:10 (UTC +04:00)
Azərbaycanda özəl sektorun dəstəklənməsi siyasəti davam edəcək
Prezident İlham Əliyev: Azərbaycanda özəl sektorun dəstəklənməsi siyasəti davam edəcək

Bakı. Trend:

Azərbaycanda özəl sektorun dəstəklənməsi siyasəti davam edəcək.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda sahibkarlığın dəstəklənməsi üçün xüsusi fond fəaliyyət göstərir və son on il ərzində həmin fond vasitəsilə özəl sektora təqribən 2 milyard dollar həcmində vəsait verilib:

"Bu da olduqca sərfəli şərtlərlə, aşağı faizli kreditlərin verilməsi yolu ilə həyata keçirilmişdir. Burada özəl sektora həm də müvafiq tövsiyələr verilir və dövlət dəstəyi göstərilir. Biz regional inkişafa xüsusi diqqət ayırırıq. Biz bu gün regionların inkişafı ilə bağlı 3-cü dövlət proqramını icra edirik ki, bu da kiçik sahibkarlara bizneslə məşğul olmağa imkan yaratmışdır".

Prezident bildirib ki, Azərbaycanda 15 il ərzində 12 min kilometrdən artıq avtomobil yolları inşa edilib və buraya kənd yolları da daxildir:

"Bu, həm xidmətlərə daha yaxşı çıxış əldə etməyə və eyni zamanda, fermerlərə məhsullarını bazara çıxarmağa imkan yaratmışdır. Azərbaycanda qazlaşdırmanın səviyyəsi 93 faizdir. Dağlıq ərazilərin mövcudluğunu nəzərə alsaq, bu, olduqca yüksək göstəricidir. Biz elektrik enerjisinin idxalçısından ixracatçısına çevrilmişik. Bizim bu sahədə artıq imkan və mənbələrimiz var. Bununla yanaşı, hər il 100 min hektara yaxın əkin sahələri dövlət tərəfindən suvarılır. Eyni zamanda, bizim fermerlər torpaq vergisindən başqa digər vergilərdən azaddırlar. Onlar gübrənin qiymətinin 30 faizini və yanacağın qiymətinin 50 faizini ödəyirlər. Yəni, bu, biznes sahəsinə dövlət dəstəyidir və həm də əhəmiyyətli dəstəkdir. Biz son 15 il ərzində 230 milyard dollar həcmində sərmayə cəlb etmişik və onun yarısı xarici, digər yarısı isə daxili sərmayədir. Bütün bunlar özəl sektora inkişaf üçün şərait yaratmışdır. Beləliklə, özəl sektorun dəstəklənməsi siyasəti davam edəcəkdir. Kiçik sahibkarlığın ümumi daxili məhsulumuzdakı payı hələ də çox aşağıdır. Gələcək illərdə bizim əsas hədəfimiz onlar üçün əlavə imkanlar yaratmaqdır ki, onlar yeni iş yerləri açsınlar və daha çox gəlir əldə etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti