...

Yusuf Məmmədəliyev: Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hər bir Azərbaycan gəncinin qayğısına qalır

Siyasət Materials 2 Fevral 2018 20:18 (UTC +04:00)
Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər bir Azərbaycan gəncinin qayğısına qalır.
Yusuf Məmmədəliyev: Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hər bir Azərbaycan gəncinin qayğısına qalır

Bakı. Elçin Mehdiyev - Trend:

Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər bir Azərbaycan gəncinin qayğısına qalır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev 2 fevral - Gənclər Günü münasibətilə mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslərə 2018-ci il Gənclər üçün Prezident mükafatlarının təqdim edilməsi və bir sıra digər gənclərin mükafatlandırılması mərasimində deyib.

Y.Məmmədəliyev bildirib ki, gənclərin potensialının artırılması, onların daha da təkmilləşməsi prosesində motivasiya çox önəmlidir: “Bu gün müxtəlif sahələrdə ən istedadlı və çalışqan gənclərə təqdim olunan mükafatlar həm onların uğurlarını cəmiyyətə tanıdacaq, həm də onların özlərinə olan inamı artıracaq. Bu mükafatlar onların uğur hekayələrinin sonu yox, başlanğıcıdır. Respublikadakı hər bir gənc bilməlidir ki, onun bacarıq və istedadı, həyata keçirdiyi fəaliyyət qiymətləndirilir və heç vaxt diqqətdən kənarda qalmır”.

PA rəsmisi vurğulayıb ki, ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər bir Azərbaycan gəncinin qayğısına qalır, onların fəaliyyətini yaxından izləyir: “Ölkə rəhbərliyinin həyata keçirdiyi qara qızılın insan kapitalına istiqamətləndirilməsi strategiyasına əsaslanan gənclər siyasəti nəticəsində gənclərin elmi, mədəni, ictimai sahələrdə fəallığı təşviq edilir. Düşünürəm ki, gənclərimiz daha aktiv olmalı, ölkəmizin inkişafı üçün bütün sahələrdə önəmli rol oynamalıdır”.

Y.Məmmədəliyev qeyd edib ki, bu gün dövlət başçısının apardığı uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi müasir, tolerant, savadlı, bacarıqlı və innovativdir: “Şübhəsiz ki, bu uğur haqqında bütün dünya bilməlidir. Hər bir gənc ölkəmizin tarixi mədəni dəyərlərini yaşatmalı və layiqli vətəndaş olaraq vətəninə xidmət etməlidir. Müsəlman şərqində ilk respublikanın qurulmasının 100 illiyini qeyd etdiyimiz bir dövrdə gələcək nəsillərin də bizim dövrümüzdə yaradılan dəyərlərlə maddi və mənəvi nailiyyətlərlə qürur duyması üçün çalışmalıyıq. Azərbaycan öz tarixinin ən güclü, dinamik inkişaf dövrünü yaşayır. Gənclərimiz bu dövrün çağırışlarını həssaslıqla duymalı, hər biri dövrümüzün bir qəhrəmanına çevrilərək, gələcək üçün qurub yaratmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti