Bakı. Trend:
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Trend-in məlumatına görə, Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Əsasnamənin 7-ci hissəsi aşağıdakı redaksiyada verilir:
“7. İdarələrarası Komissiyanın fəaliyyətinin təmin edilməsi üçün İdarələrarası Komissiyanın Katibliyi (bundan sonra - Katiblik) yaradılır.
Katiblik dövlət orqanıdır və onun işçiləri dövlət qulluqçularıdır.
Katibliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
Katiblik:
İdarələrarası Komissiyanın qərarlarının icrasına nəzarət edir;
dövlət sirri haqqında qanunvericiliyin həyata keçirilməsi sahəsində dövlət qurumlarının fəaliyyətini əlaqələndirir;
Azərbaycan Respublikasının Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İdarələrarası Komissiyaya verdikləri tapşırıqların icrasını təmin edir;
dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə dövlət sirri haqqında qanunvericiliyin yerinə yetirilməsi sahəsində dövlət qurumlarının fəaliyyətini öyrənir;
dövlət sirrinin mühafizəsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə müvafiq təşkilatlarla əməkdaşlıq edir;
dövlət sirrinin mühafizəsi ilə bağlı məsələlərin həll edilməsi məqsədi ilə idarələrarası işçi və ekspert qruplarının yaradılmasına, habelə ayrı-ayrı təşkilatların, o cümlədən mütəxəs¬sislərin işə cəlb edilməsinə dair təkliflər hazırlayır və baxılmaq üçün İdarələrarası Komissiyaya təqdim edir;
İdarələrarası Komissiyanın fəaliyyətinin təmin edilməsi ilə bağlı İdarələrarası Komissiyanın ona həvalə etdiyi digər funksiyaları həyata keçirir”.
Əsasnamənin 8-ci hissəsinin beşinci abzasında və 13-cü hissədə ismin müvafiq hallarında “işçi qrupu” sözləri ismin müvafiq hallarında “Katiblik” sözü ilə əvəz edilir.