...

Prezident İlham Əliyev: Azərbaycanın enerji layihələri təkcə “Şahdəniz-2” ilə məhdudlaşmır

Siyasət Materials 13 Fevral 2018 18:32 (UTC +04:00)
Azərbaycanın enerji layihələri təkcə “Şahdəniz-2” ilə məhdudlaşmır
Prezident İlham Əliyev: Azərbaycanın enerji layihələri təkcə “Şahdəniz-2” ilə məhdudlaşmır

Bakı. Trend:

Azərbaycanın enerji layihələri təkcə “Şahdəniz-2” ilə məhdudlaşmır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Prezident İlham Əliyev “Uniper Global Commodities” şirkətinin ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edərək bu şirkətin gələcəkdə də uğurlu əməkdaşlıq həyata keçirəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycanda enerji sektorunun uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu sahədə ölkəmizin qlobal layihələr həyata keçirdiyini, bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu layihənin təşəbbüskarı, həmçinin lideridir və bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü olacaq. “Azərbaycanın enerji layihələri təkcə “Şahdəniz-2” ilə məhdudlaşmır”, - deyən Prezident İlham Əliyev yeni yataqlar üzrə dünyanın bir sıra aparıcı şirkətləri ilə danışıqların aktiv fazaya daxil olduğunu diqqətə çatdırdı. Bununla da Azərbaycanda neft və təbii qaz hasilatının sabit qalacağını və gələcəkdə daha da artacağını vurğuladı.

“Azəri-Çıraq-Günəşli” yataqlarının istismarını nəzərdə tutan müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı bildirdi ki, bu, bundan sonra ən azı 30 il müddətində Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə bu nəhəng yataqların birgə işlənilməsini həyata keçirəcəyini göstərir. Bütün bunlar isə əhalinin rifah halının yaxşılaşdırılmasına, ölkə iqtisadiyyatının güclənməsinə və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa Komissiyası tərəfindən güclü şəkildə dəstəklənməsinin önəmini qeyd edən Prezident İlham Əliyev “Uniper Global Commodities” şirkətinə ölkəmizdəki gələcək fəaliyyətində uğurlar arzuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti