Bakı. Firəngiz Ağalarova - Trend:
Azərbaycanda prezident seçkiləri şəffaf şəraitdə keçir.
Bunu Trend-ə Özbəkistan parlamentinin vitse-spikeri Sərvər Otamuratov deyib.
O bildirib: “Biz artıq iki saatdan çoxdur ki, seçkiləri müşahidə edirik. Proses çox demokratik şəkildə, şəffaf şəkildə davam edir. Müşahidələrimizə əsasən görürük ki, vətəndaşlar lazım bildikləri namizədə səs verib”.
S.Otamuratov Azərbaycanı uğurlu seçkilərlə bağlı təbrik edib:
“Azərbaycan bizim üçün qardaş ölkədir. Biz sizin bütün islahatları dəstəkləyirik. Əsas odur ki, insanları əhval-ruhiyyəsi yaxşıdır və vətəndaşlar fəaldır”.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.
Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.