...

"Opinion Way"in keçirdiyi "exit poll": İlham Əliyev seçkilərdə 86,53 faiz səs toplayıb

Siyasət Materials 11 Aprel 2018 19:51 (UTC +04:00)
"Exit-poll" tədqiqatı TREND İnformasiya Agentliyinin sifarişi ilə həyata keçirilib.
"Opinion Way"in keçirdiyi "exit poll": İlham Əliyev seçkilərdə 86,53 faiz səs toplayıb

Bakı. Trend:

"Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqat İnstitutu ilə birlikdə Azərbaycanda prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, "exit-poll" çərçivəsində 420 müşahidəçi tərəfindən əvvəlcədən hazırlanmış metodologiyaya uyğun olaraq seçilən 11 495 səs verən sorğu edilib.

"Exit-poll" tədqiqatı TREND İnformasiya Agentliyinin sifarişi ilə həyata keçirilib.

Aparılmış tədqiqatın nəticələri aşağıdakı kimidir:

- Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev - 86,53%;
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,10%;
- Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 2,92%;
- Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 2,81%;
- Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,21%;
- Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1,73%;
- Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1,03%;
- "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,67%.

Bildirilib ki, "exit-poll" Naxçıvan Muxtar Respublikası istisna olmaqla, 118 seçki dairəsində olan 210 seçki məntəqəsində aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti